Sabir Sarvan -  Mən idim

Ədəbiyyat 11:15 / 08.04.2026 Baxış sayı: 186

Vaxt varıydı çarpışırdıq fələklə,

Gündüz idi, gecə idi, mən idim.

Üç dost olub dolaşırdıq göyləri

Arzu idi, xəyal idi, mən idim

🌸

Yaz sovuşdu, payız girdi araya,

Ruhumuzu düçar etdi sarıya.

Çaşıb qaldıq yol çatanda yarıya,

Qorxu idi, ümid idi, mən idim.

🌸

Nə gəzəsən, sönən odda, ocaqda,

Keçən keçdi, qalan qaldı uzaqda.

Bir də gördük üçümüzük otaqda,

Həyat idi, ölüm idi, mən idim...