Ramiz  Rövşən- İÇİNDƏN YIXILIR ADAM

Ədəbiyyat 15:00 / 22.03.2026 Baxış sayı: 419

 

Təkcə gücsüzlüyündən

yıxılmır, atam balası,

Arabir gücündən yıxılır adam.

Başını dik tutub gəzdiyi yerdə

içindən yıxılır adam.

İllər boyu neçə dərdə

dözüb dayanır,

Qəfil sevincindən yıxılır adam.

Dünya qaçır ayağının altından –

yıxılmır,

Bu dünyanın ən dəlisov atından

yıxılmır,

Amma bir kəpənəyin qanadından,

bir otun ucundan yıxılır adam.

…Gülmə hər yıxılana,

atam balası, gülmə, –

Elə bilmə

bu dünyada təkcə gücsüzlüyündən

ya da ki, acından yıxılır adam…