Ayaz Arabaçı -Külək çaldı astaca götürüb kamanını

Ədəbiyyat 11:25 / 22.03.2026 Baxış sayı: 218

 

Külək çaldı astaca götürüb kamanını,

Körpə tumurcuqları həzin-həzin oyatdı.

Arzular qanadlanıb bir-birinin dalınca,

Durna qatarı kimi göy üzünə boy atdı.

 

İçib bulaq suyundan,kövşədi birnəfəsə,

Yaşıl-yaşıl otları yelinləmiş sığırlar.

Papağını yan qoyub qalxdı üzü dağlara,

İgidləri büdrədən kələkötür cığırlar.

 

Kəpənəyə oxşayan ağ-ağ çiçəklərini,

Səpələdi ağaclar tozlu yollara qartək.

Göyün köksünü yaran ildırımdan od alıb,

Gümüldəndi dağ çayı gümüşü samovartək

.

Şanapipik başına dolandığı "gözəl"dən,

Kolların arasında gizli bir görüş umdu.

Yatağında uzanıb xoruldayan boz ayı,

Durub qış yuxusundan meşə mətbəxə cumdu.

 

Nişanlısı cəbhədən sağ qayıdan qızsayaq,

Sevincindən nəmləndi bənövşənin kirpiyi.

Qoyub arxası üstə ağlatdılar dələlər,

Anası qonşularda qeybət qıran kirpini.

 

Haylı-küylü soyuqlar qəfildən yoxa çıxdı,

Mayın usta şilləsi dəydi aprelə,marta.

Topuğuna tökülən saçlarından tutaraq,

Mələklər gətirdilər günəşi darta-darta.

 

Çıxartdı fəryadını düz Allahın yanına,

Anam bir yaş çubuqla yorğan-döşəyimizin.

Cənazə törəninə yığışdılar qarğalar,

Gedib qurda yem olan qoca eşşəyimizin.

 

Yaz dumanı ətirli siqar tüstüsü kimi,

Başı buluda dəyən dağları məst elədi.

O qədər şey oldu ki,yazıb çatdırammadım,

Beş-altı günlük səfər canıma qəsd elədi...