Ələddin Əzimli - NEYLƏYİM
"Sözlərdəki sən"dən
Sənin gözəlliyin çaşdırır məni,
Bir kəlmə salam da qopmur dilimdən.
Kim görsə, Leyliyə bənzədər səni,
Neyləyim, Məcnunluq gəlmir əlimdən.
Saçların- üzünün həya pərdəsi,
Odlu gözlərini gizlədər, gülüm.
Bir qız təbəssümü, bir qız hiyləsi,
Kimisə, hardasa gözlədər, gülüm.
İndi o günlərə qayıtmaq çətin,
İndi o günləri anmaq asandır.
Saxta məhəbbətin, səmimiyyətin
Oduna alışmaq, yanmaq asandır.
İndi o günlərə yağış yağacaq,
Yuyacaq izləri, ləpirləri də.
Üstümə hər yandan baxış yağacaq,
Çiməcək şeirimin sətirləri də.
Sənin gözəlliyin çaşdırir məni,
Bir kəlmə salam da qopmur dilimdən.
Kim görsə, Leyliyə bənzədər səni,
Neyləyim, Məcnunluq gəlmir əlimdən.