Gecə - Rafail Incəyurd Ismayilov

Ədəbiyyat 13:37 / 22.03.2026 Baxış sayı: 435

 

Gecənin ortası göyə çəkilib,

Qılıq eləyirəm yuxuya yenə.

Arvad da oyanmır “bismillah”- deyib

Bir yuxu duası oxuya yenə.

 

Yaddaşın şitəngi tərəfi artır,

Yuxu dağılanda xatalı kimi.

Təbin də babatı özünü dartır,

Ağrıya-acıya butalı kimi.

 

Köhnə kasetlərə istədim baxım,

Bəlkə, fikrim aza toyda-büsatda.

Türməyə oxşadı birdən otağım,

Saata baxmaqdan bezdi saat da.

 

Bir zaman yanlışa yol verən xəta

Beynimə doluşub, yaram hoylanır.

Ancaq bilirsən ki, hər nə olsa da,

Qapının dalından səhər boylanır.

 

...Getdisə, geriyə qayıtmaz köçü,

Ha sayım yüz minə, milyona kimi.

Ancaq bu şeiri qoparmaq üçün

Mən də dirəşəcəm lap sona kimi.

22.03.26