Əlizadə Nuri - Hər gün bir həqiqət ölür dünyada

Ədəbiyyat 12:41 / 22.03.2026 Baxış sayı: 224

 

Çiçəyi əzilən bağça kimidi,

Arısı yol azan bir pətəkdi bu.

Güldana qoyduğun saxta gül ilə

Baharı komanda keçirməkdi bu.

 

Dünyanı şeytana kim uduzdurub,

Bəs şeytan Allaha uduzar haçan?

Bu ömür dediyin nə imiş belə

Bəlkə yol getməkdi ulduzlaracan?

 

Allah yaxındadı, çox yaxındadı,

Baxma göy üzünün uzaqlığına.

Hər gün bir həqiqət ölür dünyada

Min yalan yığılır başsağlığına...

 

Həyat- gördüyünüz qorxulu yuxu,

Haqsız da bilir ki, ayrılıq haqdı.

Ölüm də son dəfə evindən çıxıb

Bir daha geriyə qayıtmamaqdı.

 

Sevinc yalquzaqtək yaxına gəlməz,

Götürüb baxtına yamaq vurasan.

...İlahi, bu dünya bar verə bilmir-

Bəlkə bu dünyaya calaq vurasan?!