Ramiz Qusarçaylı - Kişilər, satmayın bir-birinizi

Ədəbiyyat 08:30 / 01.03.2026 Baxış sayı: 374

 

Bilmirəm nə vərdiş,

nə azardı bu,

Nə molla, nə məmur, nə yazardı bu,

Bu nə qətliamdı, nə məzardı bu

Kişilər, satmayın bir-birinizi.

Göylərə yozmayın Yerin dərdini,

Xeyrə calamayın şərin dərdini,

Kirkirə üyütməz pərin dərdini,

Kişilər, satmayın bir-birinizi.

İndi bazar-bazar kişi satılır,-

Yeri, vəzifəsi, işi satılır,

Birinin üstündə beşi satılır

Kişilər, satmayın bir-birinizi.

Kişilik kürsüdən satılmaz axı,

Papaq ayaqlara atılmaz axı,

Alçaq kölgəsində yatılmaz axı,

Kişilər, satmayın bir-birinizi.

Daha dəbdən düşüb keçi qiyməti,

Küçə siyasəti, küçə qiyməti,

Efir tənzimləyir “həci” qiyməti

Kişilər, satmayın bir-birinizi.

Baxın soyunuza,

soy adınıza,

Bir xələl gəlməsin qoy adınıza,

Nə üzlə çıxırsız arvadınıza…

Kişilər, satmayın bir-birinizi.

Gəzib əylənməyə bulvarınız var,

Bezib asılmağa talvarınız var,

Nə ucuz sövdəniz, alveriniz var,

Kişilər, satmayın bir-birinizi.

Çox da ki, diliniz, dininiz birdi,

Dərdiniz, qayğınız, gününüz birdi,

Deyən şeytanınız, cininiz birdi...

Kişilər, satmayın bir-birinizi.

Əri, ərəniylə seçilir millət,

Satıla-satıla kiçilir millət,

Əzilir, tapdanır, biçilir millət

Kişilər, atmayın bir-birinizi.

Bilmirəm nə vərdiş,

nə güzardı bu,

Nə tələ, nə tuzaq, nə azardı bu,

Bu nə alış-veriş, nə bazardı bu

Kişilər, atmayın bir-birinizi,

Kişilər, satmayın bir-birinizi...