Əşrəf  Veysəlli - MƏŞĞULAM

Ədəbiyyat 14:18 / 01.03.2026 Baxış sayı: 357

 

Uzaqları gətirdikcə yada mən,

Yaxınları duymaq ilə məşğulam.

İllərimi çox vermişəm bada mən,

Günlərimi saymaq ilə məşğulam.

 

Qanımdadır həsrətin sərt qışları,

Köçkün könlüm harda gəldi qıçladı.

Taleyimin yağdırdığı daşları

Öz yerinə qoymaq ilə məşğulam.

 

Yaşamadım mən ki yanlış bir ömrü,

İlmə- ilmə, naxış- naxış bir ömrü.

Nə müddətdir tamamlanmş bir ömrün

Qapısını döymək ilə məşğulam.

 

Zaman çaydır- axır, axır, dayanmır…

Nə sevdadır?- mən yanıram, o yanmır.

Tərpədirəm, yatan bəxtim oyanmır,

O külbaşla, maymaq ilə məşğulam.

Bu dünyanın heç nəyində gözüm yox,

Paltosunda, pencəyində gözüm yox,

Yeməyində, içməyində gözüm yox,

Mən dünyadan doymaq ilə məşğulam.

 

Görə- görə uldudzların sehrini,

Öyrənirəm yaşamağın təhrini.

Qələmimin sözə olan mehrini,

Sözə olan, sizə olan mehrini

İnternetdə yaymaq ilə məşğulam.

2019- cu il.