Rafiq Yusifoglu - YAŞAYIR
Ədəbiyyat
19:38 / 08.09.2026
Baxış sayı: 727
Yarpaqları tökülsə də,
Bu arsız budaq yaşayır.
Heyva həsrətdən saralıb,
Bağban köçüb, bağ yaşayır!
Unut, oğulsansa, unut!
Yaralı qəlbimi ovut!
Gözümüzdə qara bulud,
Saçımızda ağ yaşayır.
Həsrətdən şam tək əridim,
Üstümə duman yeridi,
Sevirsə, insan diridi,
Yanırsa, ocaq yaşayır...
Başımızda şimşək çaxıb,
Gözümüzdən sellər axıb,
Dağlardan əlimiz çıxıb,
Qəlbimizdə dağ yaşayır...
09.12.2018