Məmməd  Qədir - Daş gedir

Ədəbiyyat 20:26 / 08.09.2026 Baxış sayı: 604

 

Nədən sevdim dəli kimi, İlahi,

Ruhum uçur, can üzülür, baş gedir.

Bağrım qopur ürəyimin səsindən,

Elə bil ki sinəm üstdən daş gedir...

 

Yolu üstə ağac olub toz udum,

İşvə çəkim, qəmzə yeyim, naz udum,

Öz içimi qarsalayır öz odum,

Ürək yanır, göz qıvrılır, qaş gedir.

 

Nəhəng sevgı yorğanıma sığışmır,

Nə ruhuma, nə canıma sığışmır,

Yanağımın yarğanına sığışmır,

Gecə-gündüz gözlərimdən yaş gedir.

 

Nə ağırmıs məhəbbətin şələsi,

Ərşə çatır ürəyimin naləsi,

Dil dolaşır, diz titrəyir, əl əsir,

Düz yolumu ayaqlarım çaş gedir.

Nədən sevdim dəli kimi, İlahi,

Ruhum uçur, can üzülür, baş gedir.

Bağrım qopur ürəyimin səsindən,

Elə bil ki, sinəm üstən daş gedir ..