Kim gizlədər səndən özün-  Ağaevli Əli Hacı

10:59 / 09.09.2026 Baxış sayı: 254

Kim gizlədər səndən özün,

Kimdir sənsiz nəfəs alan ?!

Həqiqətsən,ayrılıqsan

Hamı sənsən,hamı yalan !

Bu işıqda,qaranlığda

Yaşamağa yavanlıqda,

Qocalıqda,cavanlıqda

Sən,özünsən talan-talan !

Sevinc adın,qəmdi adın

Həm qurudu,nəmdi adın !

Tək olsan da cəmdi adın,

Yerin,göyün cəmi olan !

Söz də sənsən,səs də sənsən

Azadlıqda,qəfəsdəsən !

Hər aldığım nəfəsdəsən,

Son nəfəssən yola salan !

Yerəm,Tanrı dedim sənə

Göyəm,ruhu geydim sənə !

Söz kimi göyərdim sənə,

Sən də sözsən,sözüm qalan !

Kim gizlədər səndən özün,

Kimdir sənsiz nəfəs alan ?!

Həqiqətsən,ayrılıqsan

Hamı sənsən,hamı yalan !