Könül  Nuriyeva -O,—İstədim sənin kimi yazım...

Ədəbiyyat 09:00 / 09.09.2026 Baxış sayı: 325

O,—İstədim sənin kimi yazım,

Cansıxıcı azadlıqdan danışım,

bəlkə atım şeir yazmağın daşını

eləcə susaraq səninlə barışım?

Mən,—Zamanım olsaydı, həmin zamanın işıq düşməyən yerində gecələyərdim. Güzgüyə çox baxsam da, zamanı tapmadım. Onu düzgün yerdə axtarmırsan,— deyə bilərdin…

O,—Min bir gecə nağıllarının sehrini pozdu acı sözlərin

İndi nə görür, nə də baxa bilir

mənsizlikdən yaş yağan gözlərin…

Mən,— Yəqin ki, taleyimi Yaradan bir ovuc darı bilib, səmaya səpib. Uzun müddətdir ki, onları toplayıram. Bu, vaxtımı alır, amma məni yormur. Sübhə günəşə hamilə olduğunu xatırlatmasan, gözəl olardı. Yoxsa, ürəyi bulanar hər sübhün, hər səhərin…Qoy bilməsin, qoy onu nələr gözlədiyindən xəbərsiz olsun. Axı mübhəmdə gizlənir xoşbəxtlik… Axı o sakitdir, axı səsi olmur!

O,— Səninlə danışmaq olmur şeir dilində

Niyə yığırsan qollarını

gizlədirsən sinəndə?

Uzağa gedəndə unudacaqsan bir dəfəlik məni də?

Yoxsa, gərdişi-dövran qəlbindən aldı sevgini də?

Mən,— Yaralarımı insanlar vurdu, “sahibi sən ol” dedilər.

Kimi harda köməksiz gördülərsə,

guya onu çox istədilər

Üzündə gülüşdən çiçək açanlar

ürəklərində nəinki insana,

göyə də, Yaradana da kin bəslədilər…

O,— Nə vaxtdan biz ayrı dildə danışdıq?

Hərə öz yoluyla getsin, nahaq barışdıq…

Biz elə indi də, əvvəllər də

hərəmiz fərqli yollar üçün savaşırıq, savaşdıq…