Fərhad Tapdıqoğlu - "Müdir,Vallah mən zavodda içməmişəm"

YAZARLAR 09:30 / 09.09.2026 Baxış sayı: 330

Olmuş əhvalatlar-25

 

Dodaqqaçdı

Müntəzir müəllim sənaye müəssisəsinin direktoru Mərhəmət müəllimlə istehsalat sexlərinin birində bir neçə il bir yerdə, ayrı-ayrı vəzifələrdə çalışmışdılar.Onlar həmyerli olmaqla bərabər həm də yaxın dost idilər.

Nərhəmət müəllim zavod rəhbərliyinə irəli çəkiləndə ,Müntəzir müəllim də sex rəisi vəzifəsini yerinə yetirməyə başladı.

Haqqına ,Müntəzir müəllimin başçılıq etdiyi sexin kollektivi qabaqcıllar sırasında idi,plan və öhdəlikləri artıqlaması ilə yerinə yetirirdi.

Müntəzir müəllimin işdən sonra müəssisədə spirtli içki qəbul etdiyi zamanlar olurdu .

Mərhəmət müəllim dəfələrlə ona iradını bildirərək deyirdi:

--Müntəzir müəllim,müəssisədə spirtli içki içmək olmaz.İşdən sonra şəhərin iaşə ocaqlarında ,yaxud evində nə qədər istəyirsən içə bilərsən.

Mərhəmət müəllim bir gün ona sonuncu dəfə xəbərdarlıq elədi:

--Bax ,bir də iş yerində spirtli içki qəbul eləsən ,məndən incimə.

...Bir neçə gündən sonra Mərhəmət müəllim tapşırıqlar vermək üçün Müntəzir müəllimi otağına dəvət edir.

Kabinetə daxil olan Müntəzir müəllim,"çest"( hərbi salam) verir və əlini müdirə uzadaraq deyir:

--Müntəzir Sizin qulluğunuzda müntəzirdir.

Mərhəmət müəllimi araq iyi vurur.O ,səsini qaldıraraq deyir:

-- Əə Müntəzir,mən sənə neçə dəfə demişəm ki,müəssisədə içmək olmaz?

Utanmırsan? Səni mən indi əmr hazırlatdırım, işdən qovum?

Müntəzir müəllim:

-- Müdir,Vallah mən zavodda içməmişəm

- deyib,başını aşağı salır.

Mərhəmət müəllim:

--Necə yəni zavodda içməmisən? Araq iyi uzaqdan vurur adamı- səsini bir az da qaldırır.

Müntəzir müəllim:

--Müdir ,istəyirsən and içim ki,mən zavodda içməmişəm- sakitcə cavab verir.

Mərhəmət müəllim :

-- Bəs harda içmisən?- soruşur.

Müntəzir :

-- Zavodun ərazisindən iyirmi metr aralıda park var ee,orda içib,gəlib otağımda nahar eləmişəm.Zavodda içməmişəm ki...

Mərhəmət müəllim dostunun içki qəbul edərkən etdiyi "yeniliyə " xeyli gülür...

Mərhəmət müəllim Müntəzir müəllimə yenə mərhəmət göstərir:

-- Fərq eləməz harda içmisən.Amma işdə içkili halda olmaz-dedi.

...Elə bilirsiniz Müntəzir müəllim araq içməyi tərgitdi?

Yoox...Sadəcə sənaye obyektlərinin çoxu kimi bu müəssisə də fəaliyyətini dayandırdı,hərə çörək dalınca bir yana getdi...

... İndi artıq yaşa dolan dostlar görüşəndə həmin günləri xatırlayır,"dodaqlarına təbəssüm qonur,necə deyərlər dodaqları "qaçır"...