Düşüncələr - Rəfail Tağızadə
Artıq bu dünyada hər şey başqadı.
Zaman da, güman da, külək, günəş də.
Qışda günəş doğur, yayda qar yağır,
tərsinə dolanır illər nə vaxtdı,
çaylar göydə axır, bulud yer silir,
əllərin işini ayaqlar görür.
Səmtini dəyişib, itirib izin,
qərbdən çıxan günəş şərqdə yox olur.
Əllərim yeriyir ayaq yerinə,
havaya söykənnəm dayaq yerinə.
Qaytarın küləyi yerinə qoyun,
günəş gəzib-gəzib yerin tapacaq,
quşlar küləklərin əlindən tutub
yenə tək ağaca gəlib qonacaq.
Sən özün-özünü özündən qoru
ürəyin ovcundan düşüb itməsin,
illərin, günlərin belə bitməsin.
Göz yaşım yeriyir yerin altına,
sürüşüb, sürüşüb çökər bu torpaq,
qəzəbin gözümə tökər bu torpaq,
ayağım altından qaçar bu torpaq,
üstümə, üstümə uçar bu torpaq.
Qaytarın yerinə yer kürəsini.
Dinləyin, dinləyin, eşidirsizmi
bəyaz mələklərin qərib səsini?