DÜNYA GÖZƏL YERDİR, DÜNYADAŞLARIM - Xatirə Fərəcli

Gündəm 10:33 / 09.09.2026 Baxış sayı: 213

 

Dünya gözəl yerdir, dünyadaşlarım,

Yollaşsan, yolunu çıraq edəcək.

Sığsan qəlibinə, uysan felinə

Səni əziz-xələf qonaq edəcək.

Zaman karvanına sən də bir naxış,

Verilmiş bəxşişsən bəşəriyyətə.

Seçib ələkləyir yaxşını, pisi,

Haqq edən yol alır əbədiyyətə.

Təşəkkür etdinmi verdiklərinə

Alanda naləni qaldırdığıntək

Bir lütf oldu gəldin, yaşadın, gördün,

Daha nə hacət ki, tutasan bərk-bərk.

Nə qədər ki varsan, sakinsən burda

Könlünü geniş aç, gözəl bax ki, sən

Səni qonaqlayan bu Yer üzünü-

Belə varidatı gözəl görəsən!