Qəşəm Nəcəfzadə : - Sakit okeana məktub

Sakit okeana məktub
Ola bilməz ki, səndə kiçik bir şey tapılmasın,
Mən baradə.
Ola bilməz ki, sən mənim haqqımda eşitməyəsən,
Milyon il sonra da,
Milyon il əvvəl də .
Necə ki, mən sənin haqqında bilirəm,
Eləcə də sənin məndən xəbərin var...
Ürəyimin sol mədəciyinin gücü ilə
Sənin bir dalğanın çıpıntısı arasında
Düz bir xəttin olduğuna əminəm.
Beynimdə bir milyon hüceyrənin
Tək birində,
Sənin o dalğanı tərpədən gücün
Gizli işarəsi var.
Ona görə
Sənin sularını yellədən külək
Mənim də ürəyimi oynadar.
Necə ki, sən qaralanda mən ağarıram,
Ya da əksinə.
Necə ki sən gülürsən,
Mən ağlayıram,
Ya da əksinə.
Sən də kimnsə köləsisən
Mən də.
Sən də kiminsə kölgəsisən
Mən də.
Hər gecə sağ böyrəyimdə darıxan daş
Pıçıldayır mənə,
Bəlkə də
Sənin sularının dərinliyndə
Milyard ildi oynayan,
Heç vaxt üzə çıxa bilməyən
Sapsarı, yodlu bir daşın
Göz yaşından yaranıb,
Dünyadakı
Qarabəniz,
Ağbəniz,
Göybəniz
Sular!