Nazim Əhmədli - EŞQİN DƏRGAHINA QUL OLAN KÖNÜL

Ədəbiyyat 21:04 / 31.10.2026 Baxış sayı: 731

 

Eşqin dərgahına qul olan könül,

bir gün yıxılarsan qul ağrısından;

açılar butalar, çəkilər duman,

düşər çiyinlərin yol ağrısından;

 

ruhuma bir dəli nağıl pıçılda,

başıma azacıq ağıl pıçılda;

məni səhralardan çağır, pıçılda,

canımı qurtarım çöl ağrısından;

 

nədi bu qovğalar, axı, nə bilim,

üzümə kim necə baxır, nə bilim;

hərdən topuq çalır, karıxır dilim,

sözüm acı dadır dil ağrısından;

bu dərdi nə qədər oyum içimdə,

ölümün, itimin, toyun içində;

dünya çalxalanır suyun içində,

dağlar əyilibdi sel ağrısından;

daha nə qalıbdı, bu gələn yaza,

saçımda ağ duman, əlimdə əsa;

bu yol çəkib gedir üzü payıza,

atlar yorulubdu nal ağrısından;

hanı, qul olduğum eşqin dərgahı,

azıb itən yurdda anamın ahı;

tökmüsən üstümə min-bir günahı,

ağla, ağrısından, gül, ağrısından

2016