Adilə Nəzər - Ruhən hələ də o ilahi hüzurda...
Dağların, daşların arasındakı İlahi hüzur: Məkkə... Kəbə...
İnsan ruhu adətən rahatlığı təbiətin gözəlliklərində — yamyaşıl meşələrin pıçıltısında, coşqun çayların şırıltısında, göz oxşayan mənzərələrdə axtarmağa vərdiş edib. Dünyəvi gözəlliklər gözümüzü oxşayır, hissələrimizi ovundurur. Lakin Məkkə torpağına qədəm basdıqda, insanın əsrlər boyu formalaşdırdığı bu rahatlıq anlayışı tamamilə dağılır.
Ərəbistan yarımadasının o çılpaq, daşlıq və qayalıq vadisində nə bir yaşıllıq var, nə də bir bulağın sərinliyi...
Yalnız dağlar, qayalar, qum və səhra...
İlk baxışda quru və sərt görünən şəhər əslində ilahi hikmətin ən ali təcəllisidir. Allah-Təala Kəbəni — Öz Evini — məhz dünyəvi bəzəklərdən, diqqəti yayındıran gözəlliklərdən uzaq bir vadidə bərqərar edib. Çünki bura gözün aldandığı, zövq aldığı yer yox, qəlbin hər şeydən təcrid olunub öz Yaradanı ilə baş-başa qaldığı məkandır. Bəlkə də, o daş divarların ətrafı yamyaşıl cənnət mənzərələri ilə əhatə olunsaydı, bəşər övladının baxışları o dünyəvi gözəlliklərə dikilər, diqqəti yayınardı...
Məkkədə keçən beş gün, Kəbənin ətrafında etdiyim hər bir təvaf, oxuduğum hər dua və qıldığım hər namaz mənə tamamilə fərqli bir aləmin qapılarını açdı. Kəbə əsrlər boyu milyonlarla bəndənin göz yaşına, ahına, tövbəsinə və dualarına şahidlik edib. Ətrafındakı dağlar, daşlar sayısız ilahi görüşün keşiyini çəkib.
Allahın Evinə gedən hər zəvvar bir niyyətlə, bir arzu ilə gedir. Kimisi günahlarının ağır yükü ilə gedir, kimisi illərdir içində gəzdirdiyi həsrətlə, kimisi şəfa niyyətilə, kimisi də sadəcə bir dəfə də olsa Allah Evini görmək arzusu ilə... Amma hamı eyni həqiqəti anlayır: bu dünyada bəndəyə əsl hüzuru verən şey Allaha olan yaxınlıqdır.
Təvaf etdikcə hiss edirdim ki, ətrafımdakı izdihama baxmayaraq, əslində kainatda yalnız iki varlıq var: bir Allah, bir də Onun hüzurunda duran mən...
O an heç bir acizlik və ya fanilik düşüncəsi yox idi, Yaradanımla baş-başa idi ruhum.
Mən istəyən idim, O verən...
Elə dərindən hiss edirdim ki: əgər O məni qəbul etməsəydi, məni bu yola çıxarmaz, o qapıdan içəri buraxmazdı.
İstədiyimi vermək istəməsəydi, məndən Ondan istəməyimi istəməzdi...
Bilirdim ki, məni görən, eşidən və mənə sığınacaq verən Odur... mən də bütün varlığımla yalnız Ona sığınıram. Bəlkə də məhz bu səbəbdəndir ki, təbiəti həddindən artıq çox sevməyimə baxmayaraq, orada əmin oldum ki, cənnət məkanlarda tapılan o dincliyin yüz qat artıq ali dərəcəsini məhz bu daşların, qayaların ortasında tapmaq olarmış... Və bu, həqiqətən ilahi bir möcüzədir. Çünki gözəl təbiət gözləri böyüləyir, Kəbə isə birbaşa qəlbi fəth edir.
Beş günün sonunda qıldığım vida namazında isə bütün varlığımla hiss etdim ki, mən oradan gətirdiyim əşyaların, hədiyyələrin və əsasən də topladığım gözəl xatirələrin əvəzində qəlbimi Kəbədə qoyub qayıdıram.
Bədənən öz evimə dönsəm də, ruhən hələ də o ilahi hüzurda, Kəbənin daş divarlarına sığınmış halda qalmışam...
31.10.2026