Namiq Dəlidağlı - BAKININ İYUL GÜNDƏLİYİ
3 iyul...
Hava xəbərçisi
41 dərəcə isti elan edir Bakıda.
Bürküdən şəhərin nəfəsi təntiyib.
Qara qızıl axan damarlarında
tromblaşma yaranıb.
Ürəyi tıncıxır hərdən.
Rəngəbərəng maşınlar
həşərat kimi
daraşıb şəhərin canına.
Təkərlər sıxıb asfaltın
qanını çıxarır.
Maşınların üfürdüyü tüstüdə
şəhər boğulur.
Əli dəyənəkli yol polisləri
həşərat maşınları
şəhərin dadlı
nahiyəsindən qoruya bilmir.
Maşınlar şəhərin mərkəz
nöqtəsinə daşınır.
Yaxasına düymələnmiş
bəzəkli binaları
qoparıb dənizə
qaçmaq istəyir şəhər:
nəfəs dərməyə.
Sıx-sıx küçələrdən
keçə bilmir.
Hündür-hündür
binalarla şəhər “mıxlanıb”
torpağa.
İnsafsız adamlar
evlərindən çıxanda
qapılarını kilidləyir şəhərin
üstünə.
Özündən çıxammır şəhər.
Bir yandan da metro tunelləri
havasını ciyərlərinə çəkir Bakının.
Və zavodlar boru ağzından
od püskürür şəhərin üzünə
Xəzərin bir addımlığında
istidən yanır Bakı.
İnsanların əməlindən qupquru
canını götürüb dənizə qaça
bilmir.
****
İYUL GECƏSİ
İyul gecəsinə
yağdı bu yağış,
buludların istidən
nəfəsi təntimişdi.
Bu gecə hörümçəklərin
yaşıl yarpaqlar üstündə
tor qurmaq arzusu
gözündə qaldı.
İntiharın bir
addımlığında
yaşamaq haqqı
ölüm sevdasını üstələdi.
İyul gecəsinə yağdı
bu yağış...