Tahir   Rzayev, millət  vəkili : - "Rusiya  Azərbacan reallığın  həzm  edə  bilmir" 

Gündəm 10:51 / 19.08.2026 Baxış sayı: 290

"Azərbaycan Mətbuat Şurasının Rusiyanın bəzi KİV-lərinin Azərbaycan xalqına və görkəmli şəxsiyyətlərə qarşı təhqir və təhdid xarakterli materiallar yaymasını kəskin pisləməsi reallığa əsaslanır. Bu, əlbəttə ki, jurnalistikaya, beynəlxalq hüquq normalarına və insan hüquqlarına tamamilə ziddir".

Mövzu  ilə  əlaqəli  fikirlərini  Yenises.az- la   bölüşən  millət vəkili Tahir Rzayev   bunu da  əlavə etdi ki, bu, ilk dəfə deyil ki, Rusiyanın bir çox informasiya şəbəkələri Azərbaycan haqqında belə qərəzli mövqe tuturlar:

"Azərbaycanın imicinə və onun uğurlarına kölgə salmağa cəhdlər göstərilir. Solovyov, Zatulin kimi özlərini siyasətçi, jurnalist adlandıran insanların, eləcə də digərlərinin mövqeyi Azərbaycan-Rusiya münasibətlərinə ciddi xələl gətirir. Bu şovinist insanlar da yanındakı bir çox dairələrin sözlərinə və tapşırıqlarına əməl etməklə Azərbaycana qarşı daim təxribat xarakterli məlumatlar və materiallar yayırlar. Azərbaycan-Rusiya münasibətlərinin daim yaxşılaşmasına böyük önəm verib və bu gün də bu mövqedəyik. Hərçənd ki, Rusiya bir çox hallarda Azərbaycanın dövlət suverenliyinə və müstəqilliyinə xələl gətirən hərəkətlərə rəvac verib, Azərbaycanın haqlı mövqeyini bir çox hallarda inkar edib və onu aşağılamaq məqsədi daşıyıb. Ancaq bunların heç bir faydası olmayıb və bu gün də münasibətlərin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilir.

Həqiqət isə ortadadır. Azərbaycanın inkişafı, suverenliyi və beynəlxalq aləmdə qazandığı uğurlar bir çox ölkələr kimi Rusiyanı da qıcıqlandırır. Azərbaycan Prezidenti müstəqil və balanslaşdırılmış siyasət yürüdür və bu siyasət öz uğurlarını göstərir. Ona görə də Rusiya bundan qıcıqlanır və müəyyən mənada Azərbaycana təsir mexanizmlərini işə salmaq üçün ölkəyə qarşı belə təhqir və təhdid xarakterli materiallar yayımlayır. Ancaq bu, öz növbəsində Azərbaycanın imicinə heç bir ziyan vurmur və hesab edirəm ki, Azərbaycan-Rusiya münasibətlərində kəskin ziddiyyət yarada bilməz".