Məmməd  Qədir - El daşıyıram

Ədəbiyyat 13:05 / 24.08.2026 Baxış sayı: 330

 

 

Qıymaram qoxlanıb bihudə solsun,

Qanadsız arıya gül daşıyıram.

Təki hər diləyin sonu bal olsun,

Onu da, ay ürək, gül, daşıyıram.

 

Qanadlı arılar öz kefinədi,

Duymaz şeir şövqu, söz kefi nədi,

Ürəyim ziqiymət bir dəfinədi,

İnci gəzdirirəm, ləl daşıyıram.

 

Çəkirəm zamanın, çağın dərdini,

Ölü sevincini, sağın dərdini,

Süzürəm ruhumdan dağın dərdini,

Yanan ürəklərə sel daşıyıram.

 

Yalandan qorxudur göy cisimləri,

Ürəklə açmışam çox tilsimləri,

Ayaqda tuturam sarı simləri,

Qırılmış sazlara tel daşıyıram.

 

Çaldıqca oynadır daşı, dəmiri,

Ölüm son deyil ki,- ruhun təmiri,

Tükənib göylərdə insan xəmiri,

Adam yoğurmağa gil daşıyıram.

 

Daldıqca yaranış aurasına,

Qoymuşam ömrümü söz arasına,

Səpirəm dünyanın köz yarasına,

Yanmış ürəyimdən kül daşıyıram.

Amalı, əməli Məmmədin nurdu,

 

Ulayır köksündə sözün boz qurdu,

Çatmışam qələmin çiyninə yurdu,

Oba gəzdirirəm, el daşıyıram...