Məmməd Qədir - Sarı qız
Baxışından içimə od qalandı,
Gözüm gördü, könlüm evi talandı,
Bu hüsndə bəndə olmaz, yalandı,
Yarı güldü, yarı mələk, yarı qız,
Yaşıl çəmən, ağ bənövşə, sarı qız!
Ürəyimdə yel qoparıb, toz salıb,
Duyğulara işvə büküb, naz salıb,
Allah -Allah, qış könlümə yaz salıb,
Nərgiz kimi əridibdi qarı qız,
Yaşıl çəmən, ağ bənövşə, sarı qız!
Ruhu uçur, bir mələyə dönübdü,
Yazdan içib çiyələyə dönübdü,
Heyrətindən kəpənəyə dönübdü,
Güldən gülə necə qonur arı-qız,
Yaşıl çəmən, ağ bənövşə, sarı qız!
Varlığınla vara dönüb yoxlarım,
Ürəyimi dəlib keçib oxların,
Sinəm üstə yaralıdı ahlarım,
Sevgin ilə məlhəm elə, sarı qız, -
Yaşıl çəmən, ağ bənövşə, sarı qız!