Məhərrəm Şəmkirli: - MƏN DƏ BÖYÜMƏK İSTƏYİRƏM

YAZARLAR 13:19 / 14.06.2024 Baxış sayı: 1278

 

                                                                                                                 (kiçik hekayə)

 Yaşı çox,gövdəsi böyük,meyvəsi bol və bal kimi şirin olan bir tut ağacının altında balaca bir ağac bitmişdi.O qədər balaca idi ki,adını da müəyyən etmək olmurdu.Boyu vur-tut 25-30 sm olardı,ya olmazdı.Amma yaman sevincək idi.Zarafat deyildi,bu boyda qop-qocaman bir tutun himayəsində yaşayırdı.Onun üçün bu böyük fəxr və qürur duyğusu idi.Payızın soyuq küləyindən,qışın şaxtasından,yayın istisindən qorunmaq yeri var idi.Bir gün şimaldan güclü külək əsdi.Küləyin məqsədi,məramı balaca ,soyu,kökü bilinməyən arağacı yıxmaq,yaranmağına peşman etmək deyildi.Amma buna baxmayaraq adsız ağac küləkdən yaman qorxurdu.Qorxurdu ki,güclü külək onu yerindən qoparıb uzaqlara aparar,rahat yaşayışından,isti yerindən edər.Bir də belə rahatlığı,təhlükəsizliyi hardan tapar.

Yaxşı ki,külək şimaldan əsirdi.Nə qədər sürətlə əssə də tutun nəhəng gövdəsinə təsir edə bilmirdi.Adsız fidan da büzüşüb sığınmışdı tutun gövdəsinə.Adsız fidan küləyin şimaldan əsməyinə sevinirdi.Ona görə ki,tutun nəhəng gövdəsi şimaldan əsən küləyin istiqaməti tərəfdə idi.Allah eləməmiş külək əks tərəfdən əssəydi onu ya sındırmışdı,ya da yerdən qoparıb uzaqlara aparmışdı.

Qəfildən başlayan şimal küləyi qəfildən də kəsdi.Adsız ağac buna çox sevindi.Çünki böyük bir xətadan qurtarmışdı.O fikirləşirdi ki,yaşam dövründə belə qorxulu,qəfil əsən küləklər çox olacaq.Bu cansız-çəlimsizliklə də belə küləklərin qarşısında çox dayanmaq olmaz.Bəlkə də heç olmayacaq.Adsız ağac doğurdan da çox zəif və balaca idi.O qədər balaca idi ki,kimliyini belə müəyyən etmək olmurdu.

Adsız ağaç fikirə getdi,çıxış yolu axtardı.Və birdən başını qaldırıb,dibini özünə yaşamaq məkanı seçdiyi nəhəng tut ağacına və onun iri gövdəsinə baxdı.Necə də qürurlu və əzəmətli idi.Adsız ağac indi bildi ki,gələcək fəlakətlərə sinə gərib yaşamaq üçün mütləq böyümək,böyümək və bu tut ağacı boyda olmaq lazımdır.Amma necə? Bunu adsız fidan bilmirdi.Ona görə də utana-utana bapbalaca əlini tutun gövdəsinə toxundurdu.Tut bunu hisss edib başını aşağı əydi,əlini mehirbancasına balacanın çiyninə qoyub soruşdu:

-Balaca,nə istəyirsən?

-Ey böyük və əzəmətli Tut baba,istəyirəm mən də sənin kimi böyük və əzəmətli olum.Neçə ildir sənin kölgəni özümə doğma məkan bilib torpaqdan çıxmışam,amma bu illərdə böyüməmişəm.Nə olar,mənə necə böyüməyi öyrət.

Tut güldü və dedi:

-Yaxşı ki,bu söhbəti özün açdın.Sənin böyüməyinin bircə yolu var.Mənim kölgəmdən çıxmaq,uzaqlaşmaq.

-Onda böyüyərəm?

-Əlbəttə.

-Mən sənin kölgəndən çıxsam onda mən kimin kölgəsində olacam?

-Mənim balam,unutma ki,kölgədə yaşayanlar heç vaxt böyümürlər.Sən illərini mənim kölgəmdə keçirdiyinə görə böyüməmisən.Mənim kölgəmdən çıx,tezliklə böyüyəcəksən.

Məhərrəm Şəmkirli.