Mədəniyyət işçilərinin bəxti gətirib...

YAZARLAR 19:11 / 21.02.2024 Baxış sayı: 3633

Allah Qənirə Paşayevaya rəhmət eləsin, Milli Məclisin "Mədəniyyət Komitəsi"nin rəhbəri kimi gözəl bir ənənə yaradıb getdi. Sağ olsun, indi o ənənəni həmin komitənin yeni rəhbəri Fazil Mustafa davam etdirir...

Bir də görürsən ki, mədəniyyət sahəsində çalışan tanınmış simalarımız, yubileyləri münasibətilə həmin komitədən ünvanlarına daxil olan, təbrik məktubunın şəklini fəxrlə öz feyzbuk səhifələrində paylaşıb sevinclərini bölüşürlər, hamı da altından ürək sözlərini, təbriklərini yazır. Bu baxımdan, mədəniyyət işçilərinin bəxti gətirib...

Milli Məclisdə "Mədəniyyət Komitəsi" kimi "Hüquq siyasəti və dövlət quruculuğu" komitəsindən tutmuş, "Elm və təhsil komitəsi"nə qədər daha on dörd komitə var. Niyə bu komitələrin heç birinin rəhbəri öz sahələrində bu ənənəni yaratmırllar? Niyə bu günlərdə 70 yaşını qeyd edən professor Asif Rüstəmliyə "Elm və təhsil komitəsi"ndən belə bir məktub gəlməməlidir? Və ya hansısa görkəmli hüquqşünasa yubileyi münasibətilə "Hüquq siyasəti və dövlət quruculuğu komitəsi" təbrik məktubu yollamalıdır? Eləcə də digər komitələr...

Mən adi bir vətəndaş, seçici kimi Milli Məclisin komitə sədrlərinə buradan üzümü tutub səslənirəm:

- Cənablar, Allah sizə insanları sevindirmək üçün, bu boyda şərait və imkan yaradıb. Bir məşhur alimi, bir həkimi, bir müəllimi, bir gənci və ya komitənizə uyğun sahələrdə çalışan, xidməti olan insanları yubileyi münasibətilə təbrik etmək nə çətin işdir axı? Bunu etsəniz, məgər avtomobilinizin təkərimi partlayacaq?

Nə olar, bir az diqqətli olun da...

Hörmətlə, Elman Eldaroğlu