Lilpar Cəmşidqızı - Söz açır
Oyanır xatirələr, hər gecə yardan söz açır,
Çəkirəm xanəyə tez ruhumu, vardan söz açır.
Qoyur ahəstə sevən könlümə eşq atəşini,
Dolanır başına, pərvanədi, nardan söz açır.
Özülün bərkidirəm, ev tikə bilmir bu könül,
Hələ bir kərpici yox, indi hasardan söz açır.
Ürəyim daxmada həsrət soyuğundan üşüyür,
O vəfasız elə zalımdı, bahardan söz açır.
Quruyan palçığı üstündə qalıb kəndimizin,
Şəhərin ismini duyduqda qatardan söz açır.
Necə insandı bu, heysiyyəti yoxdur elə bil?
Pozulub əhd ilə ilqarı vüqardan söz açır.
Bu qədər eyləmə tənbeh onu, Lilpar, nə desən,
Dəyişir söhbəti yar, özgə diyardan söz açır.