Bəhram Bilaloğlu- DÜNYA

Ədəbiyyat 22:00 / 24.03.2026 Baxış sayı: 244

Düşür gözlərimə eşqin işığı,

Açılır bəsirət gözümdə,dünya.

Elə kiçilirsən,cılızlaşırsan,

Yad olur adın da,izimdə dünya.

 

Bu gün birtəhərsən,halım kimisən,

Əzilmiş məftilsən,qırılmış simsən,

Boğulan arzusan,gözlərdə nəmsən,

Çökürsən diz kimi,dizimdə dünya.

 

Xəmirin yoğrulur bişirənin yox,

Baxıram,əzəldən itirdiyin çox.

Möminin vurduğu min zərbədən qorx,

Qorxular yıxacaq dözümdə,dünya.