Adilə Nəzər - BİLMİRƏM

Ədəbiyyat 21:45 / 24.03.2026 Baxış sayı: 253

 

Qəlbin bir də bu tərəfə,

Atar, ya atmaz, bilmirəm.

Əl uzanar o tərəfə,

Çatar, ya çatmaz, bilmirəm.

Götür ona, bir namə yaz,

Üzr dilə avaz-avaz.

Yar qollarına bir də naz

Satar, ya satmaz, bilmirəm.

Get, qapısı ağzında yat,

Bacarsan candan odu at.

Ürəyinin külündə ot

Bitər, ya bitməz, bilmirəm.

Sınıbdır indi o könül,

Sən gördüyün gülşən deyil.

Bülbül atdığı gülü gül

Tutar, ya tutmaz, bilmirəm.

Çatırmı ahının səsi,

Qəlbinin bitir həvəsi...

Gözündə ümid gəmisi,

Batar ya batmaz, bilmirəm.

Eşq yarıdır zülm ilə,

Düşüdbür Adilə dilə.

Haqq başını ölüm ilə

Qatar ya qatmaz, bilmirəm.