Lilpar Cəmşidqızı - QƏZƏL

Ədəbiyyat 09:53 / 15.02.2026 Baxış sayı: 512

 

Yar, könül bağinə hərdən güli- rənadı gələn,

Sevdiyin- çöhrəsi nəm, gözləri şəhladı gələn.

 

Zülfünün hər teli köksündə durub, danələnir,

Ay üzün nuruna qəmdən *şəbi- yeldadı gələn.

 

Eşqdir tabe edən ruhunu səhra gülünün,

Gəzmə Məcnunə dönüb, xanənə Leyladı gələn.

 

Qönçədən busəni ahəstə küləkdir qoparan,

Gülşənin ruyinə şəbnəm, *meyi- səhbadı gələn.

 

Bir bəla eşqinə can verdiyi üqbayə, Xuda,

Cənnətin ətri Məhəmməd qızı Zəhradı gələn.

 

Eşqə düşmüş ürəyin çırpınır, ahəstə yanır,

Söndürən qəlbini vüslət dəmi, dəryadı gələn.

 

Gizlənən sevgidi mazidə olan xatirələr,

Əks olan ayinədən, hər gecə xülyadı gələn.

 

Gül açan arzuların mənbəyi qəlbin özüdür,

Göz yaşından sulanan kirpiyə röyadı gələn.

 

Oldu aləmdə bu gün çox qəzəlin mayəsi eşq,

Yazdığın kəlməyə, Lilpar, sözə mənadı gələn.

 

*Şəbi- yelda- ən uzun gecə

*Meyi- səhba- qırmızı mey