Ayaz  Arabaçı - Mələk sifətində əsir küləklər

Ədəbiyyat 18:46 / 14.02.2026 Baxış sayı: 259

Mələk sifətində əsir küləklər,

Nə boran gətirir,nə qar gəzdirir.

Qış bu il unudub zalımlığını,

İçində günəşli bahar gəzdirir.

 

Qış bu il baharı köksünə sıxıb,

Körpə duyğuları mindirib ata.

Durub başqa səbəb axtaranacan,

Məncə içmək olar bu iltifata.

 

Qoy qurban olsunlar bu havalara,

Dəysə də xətrimə bir başqaları.

Şad-xürrəm qayıtsın yuvalarına,

Yolda tapdamayın qarışqaları.

Qış bu il Sibirə sürgünə gedib,

Bu il muzeylərdə görərik qarı..

Uçub allı-güllü qızlara qonur,

Başını itirib bal arıları.

Gözəl havaları bu nazlı yellər,

Martın əllərinə təhvillər belə.

Bayram əhvalında çıxır qarşıma,

Hətta küçələrdə səfillər belə..

Bağlara günəşin nəfəsi dəyib,

Bağalar çıxıbdı çanaqlarından.

Quşların hərəsi bir öpüş alır,

Fevralın allanmış yanaqlarından.

Nə qorxu hissi var nə qəm,nə təlaş,

Nəşənin,fərəhin başqadı dadı...

Mənə bir siqaret yandırın verin,

Kefim buludlardan yuxarıdadı.