Könül Nuriyeva - Yazmaq...

YAZARLAR 12:56 / 05.03.2026 Baxış sayı: 180

.( yazıçılar günü üçün?)

Yazmaq necə duyğudur, nə hallar keçirir adam, niyə yazır, yazmasa nə olar, çox yazırsa səbəbi nədir? Həyatı bölüşəcəyin, səni dinləyən biri yoxdursa, mütləq yazırsan. Rahat adamlar yazmırlar, onların rahatlığı reallıqla bağlıdır. Bu baxımdan yazanlar narahat adamlardı. Sonra kefsizlər yazır, sevənlər yazır, içində çoxlu dünya yerləşdirənlər yazır, özünü tapmaq istəyində olanlar yazır. Yazmaq pisdi, yaxşıdı bilmirəm?...

Qarşısıalınmaz ruhiyyədi, bunu dəqiq bilirəm. İstəsən də, özünü saxlaya bilmirsən. Gözlərin çıxır, barmaqların şişir, amma yenı yazırsan. Görəsən niyə?!

Bəlkə sən hər insanın bu qədər zəngin olduğunu, o mənəvi zənginliyi yazıya çevirmədikləri üçün heyfslənirsən, onlar da eynisini etsin deyə, yazırsan.

Bəlkə getdikcə gedən, endikcə enən, yüksəldikcə yüksələn sözün, yalnız sözün girə bildiyi o cazibəli dünyanı axırına kimi ifadə etmək istəyirsən və bilə- bilə ki, bu əbəsdir, bu bir ömürə sığacaq iş deyil, bu səni yorar, bunun əziyyəti sevincindən çoxdu!

Bilə-bilə ki, danlaq, tənqid görəcəksən. Səni hər dəfə, təkrar - təkrar anlamayacaqlar, izah edəcəksən, yeni yazıda özünü daha aydın ifadə etməyə çalışacaqsan, yenə başa düşməyəcəklər, söyəcəklər, ittiham edəcəklər.

Bəs elə isə, bu yazmaq necə sevdadır ki, bu boyda iztirabı var, amma sən bir heç cür bu sevdanı zehnindən çıxarmaq istəmirsən...?!

Qısası, yazmaq bədbəxtlərin, talesizlərin işidir. Bilirlər ki, geriyə dönüşü yoxdu. Bilirlər ki, yazdıqları üçün dostu, sevdiyi, övladı ondan üz döndərəcək. Bilirlər ki, anlaşma bir yerdən sonra dərəyə-təpəyə rast gələcək, bu gün səni sevənlər sabah məmmuniyyətlə daşlayacaqlar, doğmaların yazdığın üçün sənə "artıq bizimlə yad kimi rəftar edirsən" deyəcəklər, gözlərin sözlərdən ayrılıb övladlarının gözlərinə baxmağı tez- tez unudacaq...

Bunları və hələ söyləmədiyim çoxlu nüansları özündə birləşdirib, yazıçını bu dünyaya fərqli biri kimi göstərən sənətdi yazıçılıq...

Nə yaxşı ki var❤