Kəramət : - YARPAQ ADAM

YAZARLAR 11:20 / 08.11.2024 Baxış sayı: 1626

 

                                                                             esse

Yaşıl gözləri yaşıl kirpiklərinin arsından dupduru uşaq gözü kimi boylanıb ağarmış saç-saqqalını işıqlandırdı. Əlini yerə dayayıb namazdan qalxdı, pəncərədən boylanan günəşi salamladı, dibçəkdəki gülləri suladı, çörək qabındakı qırıntıları ovcuna yığıb eyvanda dən axtaran sərçələrə səpdi. Titrək addımlarla otağa qayıdıb radionu yandırdı. Bülbülün ifasında “Sənsiz” dalğa-dalğa ətrafa yayıldı. Qoca köhnə kreslosuna yayxanıb gözlərini yumdu.

Ömür-gün yoldaşı Sara xatun yaşıl libasda gözlərinin qabağında peyda oldu.

- Bu paltar sənə çox yaraşır... - Qoca özü də hiss etmədən titrək səslə pıçıldadı.

Sara xatun gülümsədi, gözləri, kirpikləri, saçları yarpaqladı.

Qoca bir ömür dünyanın ən gözəl qadınını – yaşıl qadınını belə sevmişdi.

İllər sonra, ömrünün ahıl çağında möcüzə baş verdi, onun da ruhu titrədi, kirpikləri yarpaqladı. Əvvəl qorxdu, arvad ərinin təptəzə yarpaqlarını oxşayıb onu inandırdı ki, hər kəsin içində yaşıl bir ağac var. Kimsə bu ağacın kökünü yandırmasa, baltalamasa, sındırmasa, günlərin birində mütləq zoğ atacaq, yarpaqlayacaq, yaşıllaşacaq.

Qoca ömrünün naxışına inandı, yarpaqlarının qeydinə qaldı.

Sara xatun ömrünün son anlarında yaşıl yarpaqlarından birini qoparıb ərinin ovcunda gizlədib dünyanın o üzünə köçdi...

Qoca yaşıl yarpağın başına dolanırdı, sığallayırdı, qayğısına qalırdı. Bir gün sübh çağı bədəni başdan-başa yarpaqladı, yaşıllaşdı, adam özü boyda yaşıl ağaca cevrildi.

Adamlar ondan qorxub qaçmağa başladı, kimi onu bədbəxt, kimi xəstə saydı. Kimi bu möcüzədən havalanıb onu müqəddəslərə oxşatdı...

Yarpaq adamın içində zərrə boyda yaşıllığı olmayan adamlara yazığı gəldi, vaxtını büsbütün ibadətdə keçirdi.

Musiqi bitdi, Sara xatun gülümsəyib yarpaqların arasında gözdən itdi.

Qoca da gülümsədi, yarpaqlarını sulamaq üçün namaz otağına keçdi...