Kəramət : - Tikansız QIZILgül

YAZARLAR 10:43 / 18.10.2024 Baxış sayı: 167

 

 

SEVGİ VƏ CƏZA

.."sevgi" özü, əslində, qayda-qanunu, adət-ənənəni pozmaqdı. Bu Roskolnikovluq fəlsəfəsinin özbəraəti deyil -"Cinayət və Cəza"(F. Dostoyevski).

Sevgi ilk öncə özünəqarşı işlənmiş cinayətdi, axı, sənin yaşamın ağıl və duyğu çəmbərində, sınırındadı, sənin üçün cızılmış yol var, hətta zaman-məkan çərçivəsi.

SEVGİ BİRADAMLIQ, BİRATIMLIQ-BİRZAMANLIQ DEYİL, SADƏCƏ, SEÇİLMİŞLƏRDƏ TƏCƏLLA EDƏR.

Gözəllik fiziksəl, cinsəl aşağılıqdan çox ucadadı, yəni umacaqsızdı, təmənnasızdı; Bir insana, yarpağa, suya,kölgəyə bəslənən zamansız və məkansız daxili enerji, şüa axınıdı.

ANLADA BİLDİMMİ? YƏQİN Kİ, ...Kİ...Kİ...yox, bir az da davam edim.

Qızılgülün tikanı sonradan əmələ gəlib, QIZILgül tikansız yaranıb. Uşaqlıq sevgidi. Küçüyün, canavar, ilan, insan balasının arasında fərq yoxdu, hələ onlara nifrət yüklənməyib, özünü qorumaq üçün hələ qızılgül tikan çıxarmayıb, canavar dişini qıcamayıb, ilan balasının süd dişində zəhər yoxdu hələ, adam balası əlinə daş, atom almayıb hələ.

düşünün ki, 22 yaşındakı Kəramət 65-ində də onunladı. Yəni bu şeiri 21-22 yaşında yazmışam...indi də O-yam, qüsura baxmayın.

Ə B Ə D İ M

İndi də mənimsən

100 il sonra da.

Mən sənə çatınca KÜL olacağam,

Sən mənə yetincə GÜL olacaqsan.

1000 il bundan öncə mənim olmusan,

Qoşmalar, qəzəllər yazmışam sənə.

Ayrılıqlar acığına

Mənim olmusan ey....

Mənim olmusan.

Batır başdaşım torpağa,

adını çağıra-çağıra.

O mənəm doğulan

"Doğum Evi"ndə

Adını çığıra-çığıra.