Ayaz Arabaçı : - Oynayır.

Ədəbiyyat 11:14 / 07.09.2024 Baxış sayı: 779

 

Neçə gündü, narahatam, gərginəm,

Əsəblərim bala-bala oynayır.

Bir at kimi fınxıraraq təzyiqim,

Gah qabağa, gah da dala oynayır.

 

Buludların qanadını ütüb də,

Günəş çoxdan yoxa çıxıb qütübdə,

İki nəfər hoqqa verir yutubda,

Biri rola, biri yala oynayır.

 

Pis bilmirlər oyunların şərtini,

Sınayırlar hər məzhəbi, hər dini,

Hərəsi bir yabı kimi dartınıb,

Gahdan mıxa, gahdan nala oynayır.

 

Asta-asta səbrini bas bir hələ,

Qabaqdadı ağam cəddi, pir hələ,

Bu oyunu hər ikisi bir ələ,

Oynayır ey, Ağabala, oynayır.

 

Olammıram heç birinin reyinnən,

Ovunuram qoca tutun meyiynən,

İndi çoxu bu millətin şeyiynən,

Bibi-bibi, xala-xala oynayır.

 

Ortalıqda düz əməlli əsər yox,

Olanda da fındıq boyda kəsər yox,

Heç birində kişilikdən əsər yox,

Yengə-gəlin-ata-bala, oynayır.

 

Baxsan, görsən deyərsən ki, müftidi,

Tamahları mala-pula mütidi,

Həzrət Əli qılıncından itidi,

Məlumdu ki, hansı xala oynayır.

 

Çat görürəm çatılmayan qaşında,

Nə var bunun torpağında, daşında,

Görən niyə bu millətin başında,

Hər sifətdə xata-bala oynayır.