Bəxtiyar QARACA : -  Nə onda, nə sonralar kiminsə tabutunun altına girə bildim...

YAZARLAR 10:55 / 04.09.2024 Baxış sayı: 2505

Səhər-səhər zəng gəldi. Rayonda yaşayan qardaşımın kiçik oğlu idi. Atalarını itirəndən sonra bir çətinliyə düşən kimi böyük əmi kimi məni daha çox axtarırlar.

- Əmi, nə vaxt gəlirsən? Hamı gedib qəbrini tapıb düzəldir. Gəlsəydin, əmimin yerini göstərərdin. Şəklini də hazırlamışıq. Aparıb qoyardıq üstünə.
Söhbət mənim 91-ci ilin oktyabrında Qarabağdan qayıdarkən avtoqəzada həyatını itirən kiçik qardaşımdan gedir. Onda bu uşaqlar ya hələ doğulmamışdılar, ya da o müsibəti xatırlamaq, yadda saxlamaq üçün çox balaca idilər.

Qəza axşamüstü Kürdəmir-Hacıqabul yolunda Padar düzü deyilən ərazidə böyük qardaşımın maşınında olmuşdu. Bildiyim təkcə bu oldu ki, qəfil maşının işıqları sönüb. Məcbur olub dayanıblar yolun kənarında. Elə bu vaxt hansısa maşın gəlib balaca qardaşımla yanaşı onlara kömək üçün maşından düşən cavan bir oğlanı da vurub. Böyük qardaş hər ikisini xəstəxanaya çatdırmağa çalışsa da, kiçik qardaşım yolda keçinmişdi. Amma son nəfəsində də böyük qardaşına: “Yaxşıyam, qorxma”, - deyə bilmişdi. Mən onda Bakıda idim. Gecə gəldim, böyük qardaşımı Hacıqabulda bir dostumuzun evində tapdım. Elə halda idi ki, ondan nə o vaxt, nə sonralar ürək edib o hadisənin necə baş verdiyini, daha doğrusu, qardaşımın son halını soruşa bilmədim. Böyük qardaşım, ümumən, çox həssas idi. Bu hadisədən sonra isə lap körpə uşağa dönmüşdü. Nə deyirdin, nə soruşurdun ağlayırdı. Vaxt keçər, sakitləşər, soruşaram deyirdim. Vaxt keçdi. Amma soruşmağa imkan qalmadı – qəflətən dünyasını dəyişdi. İndi kiçik qardaşımla bir yerdədilər. Atam-anam da yanlarında. Yəqin oturub onlara baxa-baxa yenə atam ağlayır, anam isə hər ikisinin yarasından axan qanı təmizləyir...

O soyuq payız günü balaca qardaşımın cansız bədənini Əli Bayramlı xəstəxanasından köhnə bir maşında götürüb başının üstünü qara buludlar almaqda olan yurdumuza sarı gedə-gedə, bəlkə daha çox qarşıda bizi gözləyən müsibətlərə baxa-baxa çox ağladım. Bir sürücü, bir qardaşım, bir də mən idim maşında... 
Ağdamı adlayıb Mərziliyə tərəf dönəndə Səxavət Məmmədov yadıma düşdü. O da bir ay əvvəl – həmin ilin sentyabrında avtomobil qəzasında dünyasını dəyişmişdi. Gətirib burada – Abdal-Gülablıda dəfn etmişdilər. İki il sonra Səxavət Məmmədov haqda hazırladığım verilişdə həyat yoldaşı deyəcək ki, Səxavət İsraildən konsertdən tez qayıtdı ki, oğlunu sentyabrın 1-də dərsə aparsın. Gəldi ki, dərsləri sentyabrın 15-nə keçiriblər. Dostları onu bir xahiş üçün şəhərdən çıxardılar – bilmirəm Salyana, ya Neftçalaya. Qayıdıb şəhərə çatanda qəzaya düşdü. Lökbatan xəstəxanasına çatdırsalar da, köməyi olmadı. Heç nə olmamış kimi uzanmışdı palatada. Ürəyinin üstdə bir qırmızı ləkə var idi. Vəssalam. Xanımı deyir ki, ondan əvvəl qorxulu bir yuxu görmüşdüm. Qurban kəsdik. Amma qurban ətini paylayıb qurtarmamış bu qəza oldu. Sonrası lap nağıllardakı kimi – Səxavətin başdaşı Bakıda hazırlanıb Abdal-Gülablıya aparılacaqdı ki, ermənilər kəndi ələ keçirdilər. Beləcə, illərlə Səxavətin başdaşı Bakıda, özü Ağdamda, səsi, nəfəsi başımız üstdə dolanmalı oldu... 

Yuxarı baxıram. Qarakənddir. Qardaşımdan bir ay sonra – noyabrda burada vertolyot qəzası olacaq və nə qədər dövlət adamımız həyatını itirəcəkdi. Aralarında mənim həmkarlarım da var idi. Mən də orada ola bilərdim. Olmadım. Olmayacam da. Amma etiraf edim, o vaxt, nə qədər acı, nə qədər ağır olsa da, bu itkilər bir çoxu kimi bizi də xeyli ovundura, sakitləşdirə bildi. Səxavətin faciəsinə baxıb: “Ölüm heç nəyə, heç kimə baxmır”, - dedik, o vertolyot qəzası ilə: “Nə yaxşı sən orada olmadın...”, - deyib təsəlli tapmağa çalışdıq. Təsəlli deyəndə, bəlkə bunu demək istəyirəm: “Elnən gələn dərd-bəla toy-bayramdır...”

O gün Qarakəndin yanından keçəndə birdən-birə məni qorxu bürüdü – o vaxt ermənilər pusqu qurub adamlarımızı əsir aparırdılar. İnanın, həmin an özümdən çox qardaşımdan qorxdum. Qardaşımı əlimdən alacaqlarından qorxdum. Sürücü bu yerlərə nabələd idi. Maşını asfalt yoldan çıxartdım və tanımadığım, heç vaxt getmədiyim, bir növ, özümün də nabələd olduğum ara yollarla sürdürdüm. Yolu bilməsəm də, getdiyim yeri, istiqaməti yaxşı bilirdim. Uzaqda olsam da, hər yandan həyətimizə axışan adamları görürdüm. Nədənsə anamın yox, daha çox atamın ağlayan üzünü təsəvvür edib mən də ağlayırdım...

Maşından düşüb atamı qucaqladım. O bu halında da qalan övladlarını düşünürdü – “Möhkəm ol, möhkəm olun”,  - deyirdi. Amma bu “möhkəm”liyin ona neçəyə başa gəldiyini görürdük. Bu hadisədən az keçmiş yurdumuz düşmən əlinə keçdi. Qaçqın-köçkün həyatımız başladı. Evini və oğlunu itirən atam ölənə kimi Beyləqanın təpələrinə çıxıb hər gün qoyub gəldiyi oğluna sarı baxa-baxa hamıdan gizlin dərdini dilinə gətirib ağladı. İndi də Beyləqanda Peyğəmbər məzarlığında əmanət bir qəbirdə geri dönəcəyi günü gözləməkdədir.

Bu, evimizdə baş verən ilk və ən böyük faciə idi. Sonradan atam-anam, iki qardaşım dünyasını dəyişəcək, amma bu ağrını belə hiss etməyəcəyik. Bu bizim ailənin sanki o dünyaya uzanan yolunda ilk sınaq məşqlərimiz idi.

Nə onda, nə sonralar kiminsə tabutunun altına girə bildim. O ağırlığı çiynimdə hiss edən kimi əzizlərimin yoxluğuna – ölümünə inanacağımdan qorxurdum. Nə onda, nə sonralar onları torpağa necə tapşırdıqlarına da şahidlik etmək istədim. Getmədim dəfnə. Gedə bilmədim. Çünki onlar hələ də  sağdılar mənim üçün. Sağ olan, yaşayan doğmalarımın qəbrini görə bilmədim. Görmək istəmədim...

İndi səhər-səhər “əmimin yerini göstər”, - deyən uşaqlara nə deyim, bunu necə izah edim? Axı mən qardaşımın harada dəfn olunduğunu bilmirəm. 
Amma nə olur-olsun, bu həftə gedəcəm. Əlimdə qardaşımın böyüdülmüş şəkli 33 ildən sonra həmin məkana yollanacam. Həmişə dadıma çatan balaca qardaşım, inanıram ki, bu dəfə də köməyimə gələcək, məni çətin vəziyyətdən çıxaracaq. Məzarlığa yaxınlaşan kimi başını qaldırıb həmişəki gülər üzü ilə məni çağıracaq. “Gəl, buradayam, - deyəcək. – Sən də çox yoruldun. Gəl bir az uzan, dincəl”, - deyərək tərpənib o dar qəbrində mənə yer də verəcək...

İnanıram ki, əlimdə qardaşımın o böyüdülmüş şəkli xarabalığa çevrilmiş yurdumuzda hər yeri əvvəlki kimi görüb tanıyacam, daşı daş üstə qalmayan, ot basan, ağacları dəli olan kənddəki evimizi də tapacam, adamları olmasa da, didərgin düşən günləri və xatirələri də bir yerə toplaya biləcəm...

Hərə itirdiyinə, tapdığına bir cür qayıdır. Amma bizim ailənin Qarabağa qayıdışı belə olacaq.