İSMAYIL İMANZADƏ : - MİRZƏ ƏLƏKBƏR SABİRLƏ XƏYALƏN SÖHBƏTLƏŞDİM

YAZARLAR 22:25 / 14.06.2024 Baxış sayı: 2846

 

Həftənin ikinci günü (11.06.2024) səhər saat ona işləmiş H.Cavid adına Respublika Əlyazmaları İnstitutunda işləyən tanınmış bir alim dostumla binanın ikinci qatındakı iş otağında görüşüb, yarım saata yaxın söhbətləşəndən sonra onunla xudahafizləşərək küçəyə çıxdım. Bir siqaret yandırıb, yaxınlıqdakı bağa üz tutdum və Mirzə Ələkbər Sabirin heykəli ilə üzbəüz dayandım. Sağ əlimi şairin heykəlinə tərəf uzadıb: “Salam, Mirzə Ələkbər baba!”-deyəndə, şairin qaibanədən gələn səsi qulaqlarama çatdı:

-Salam, övladım, nə iltimasın varsa buyur, dinləməyə hazıram.

-Baba, istəyirəm birlikdə təzədən sabun bişirək. Səni çox əziyyətə salmayacağam, odun toplayıb gətirmək, tiyanın altında ocaq qalamaq mənlikdi. Siz sadəcə olaraq bu işdə məndən məsləhətlərinizi əsirgəməyin.

-Oğlum, indiki zəmanədə sabun tapmaq o qədərmi müşküldü? Şükürlər olsun ki Bakıda yağışdan sonra üzə çıxan göbələklər kimi “supermarketlər” yan-yana düzülüb...

-İncimə, baba, bu gün dükanlarda satılan sabun təkcə bəzi adamların, illah da, vəzifə əhlinə yarınan yaltaqların işlərinə yarıyır. İstəyirəm bişirəcəyimiz sabunla hər addımda təmiz qəlbli insanları zülmətə sürükləyən üzdəniraq virusların, bədnam əməlləriylə çoxlarını küncə qısnamağa cəhd edən yaramazların içlərində ərp bağlayan kirini-pasını təmizləyək ki belələri başqalarını da yoluxdurmasınlar.

-Övladım, məgər belələrini sözlə dinə-imana gətirmək müşküldürmü?

-Baba, indi bu cür tiplərin gönləri o qədər qalınlaşıb ki yeri gələndə heç sizin vaxtıyla dediklərinizi də veclərinə almırlar...

-De görüm sənin satirik şeirlərin də varmı?

-Var, ustad, axı sizin möhtəşəm satiralarınızı eyninə almayanlar, mənim yazdıqlarıma məhəl qoyarmı? Vaxtıyla yazdığım 15-20 satirik şeirim “Kirpi” jurnalında dərc olunub. Otuza yaxın həcvin də müəllifiyəm...

-Yazdığın həcvlərdən birini söylə, fikrimi bildirim...

Gözlərimi şairin nisgilli baxışalarına zilləyib, beş il qabaq Mingəçevir Dövlət Dram Teatrında aparıcısı olduğum Poeziya gecəsindən sonra, “orada çıxış edənlərin hamısı qaçqınlar idi, şəhərin yazarlarına məhəl qoyulmadı”-deyə haray-həşir qoparan bir “zurnalistə” xitabən ünvanladığım aşağıdakı həcvimi söylədim:

A BİNAMUS

(Adını yazmaqla şərəfləndirmək istəmədiyim bir cızma-qaraçıya)

Yazdıqların dəyməz bircə misrama,

Vaxtım yoxdu qulaq asam “ham-hama”.

Qızıxıb gəlmisən yenə “ilhama”,

Gücənə-gücənə edirsən “mıs-mıs”-

A binamus.

Sağlığında lənətlənən “dirisən”,

Zənn etmə ki, çanağından irisən.

Bir şəhərin üz qarası-kirisən,

Hamı bilir, dediklərin fısdı, fıs-

A binamus.

Zülmət künc-bucaqda qurdalanırsan,

Ağzını açanda xırdalanırsan.

Arvad kölgəsində daldalanırsan,

Heç kimin yanında yoxdur üzün, sus-

A binamus.

Gör, kimə ilişib gəlirsən hədə,

Dilini dinməz yerinə qoy, gədə!

Köçkünə diş qıcatmısan hər vədə,

Belə etməz nə moltanı, nə rus-

A binamus.

Elə hey irişib, hırıldama ha,

“Mən də varam”-deyib, qırıldama ha.

Adım çəkiləndə mırıldama ha...

Nəyə lazım bu hay-həşir, tıshatıs-

A biqeyrət, a binamus...

Şeiri oxuyandan sonra başımı yuxarı qldıranda, Mirzə Ələkbər babanın uzaqlardan gələn səsini bir daha eşitdim: “İt hürüşündən qorxmağa dəyməz, övladım, mənim də bir vaxtlar kölgəmi daşlayanlar çox olub. İndi belələrinin adları heç “İt dəftəri”ndə də yoxdur...

Allah sənə qəni-qəni rəhmət eləsin, ustad, elə bu qüdrətinizə görə zaman-zaman sevilməyə, xatırlanmağa layiqsiniz!..

P.S. Sonda xatırladıram ki o hürüşünü bilməyən gədə gözünün içinə kimi yalan deyirdi. Həmin Poeziya gecəsində yerli beş nəfər yazarla bərabər, 3 köçkün şair, Gəncədən və Ağdaşdan dəvət etdiyimiz tanınmış şai dostlarımız Xəzangüllə, Fəxrəddin Əsədd də çıxış etmişdilər. Bu gün AYB Mingəçevir bölməsinin saxlancında olan video-şəkilişlər də bunu sübut etməkdədir...

 

14.06.2024, 20-21