İndiki KİV oxucu qatilidir - Pərvanə Bayramqızı yazır

YAZARLAR 21:24 / 20.02.2024 Baxış sayı: 1496

Hələ 1982-ci ildə nəşr olunan “Ümumi kitabxanaşünaslıq” kitabında radio və televiziyanın sürətlə məişətə daxil olması nəticəsində kitab və kitabxananın taleyinin müzakirə olunduğu yazılır. Kitabda fransız radio və televiziyasının keçmiş direktorunun: “Kitab geniş xalq kütlələri üçün artıq mədəniyyətin əsas aləti deyildir”, – fikrinə bir qədər də ironik yanaşılır və mütaliənin insanın idrakı fəaliyyətinin növü kimi üstünlüklərə malik olduğu üçün sıxışdırılıb aradan çıxarılmasının mümkün olmadığı bildirilir. 

Kitabda diqqəti çəkən bir neçə fikri zamanın tələbinə uyğun təhlil edək.

Yazılır ki: “Kitaba, jurnala, qəzetə müraciət radio və televiziya verilişlərinin proqramı ilə və müəyyənləşdirilmiş vaxtı ilə məhdudlaşdırılmır. İnsan öz şəxsi tələbatından və şəraitindən asılı olaraq, mütaliəyə ayrılan vaxtı müəyyən edir. Mütaliə üçün kitabların seçilməsi fərdi marağa tam uyğun aparılır və verilişlərin proqramından irəli gəlmir”. Yaxşı proqnozdur, amma son illərin müşahidəsinə əsaslanıb reallığın fərqli olduğunu əminliklə söyləyə bilərik. 

Həmin illərdə “Kiçik şəhərlərin həyatında kitab və mütaliə” tədqiqatlarının məlumatlarında göstərilir ki, əhalinin 97 faizi qəzetlərə, 78 faizi jurnallara abunə yazılır, 97 faizinin radiosu, 67 faizinin televizoru var, 51 faizi kitabxanaların kitab fondlarından istifadə edir, 84 faizinin şəxsi kitabxanaları vardır.

Bu tədqiqatı hazırkı dövrdə aparsaq, yəqin ki, nəticə daha pis olar. Əlli bir faizin neçəyə düşəcəyi indidən məlumdur. 

Pandemiya dövrü kitabxanaların o qədər də ürəkaçmayan vəziyyətini bir az da pisləşdirdi. 

Bir məqam da diqqətimdən qaçmır. Yazılır ki, Sovet təcrübəsində belə bir maraqlı qanunauyğunluq müşahidə edilir: informasiya vasitələri nəinki öz aralarında rəqabət aparmır, eyni zamanda qarşılıqlı surətdə bir-birini tamamlayır, ümumi tərbiyəvi vəzifələri birlikdə həll edirlər. Radio və televiziyanın inkişafı ilə kitabxanalar elə bir auditoriya əldə ediblər ki, onun haqqında fikirləşməmək olmazdı və bu imkanlardan istifadə etməmək səhv olardı. Göründüyü kimi, o zamanlarda televiziya və radio indiki qədər zərərverici deyilmiş. O dövrdə bu texniki vasitələrin yaxşı oxucu yetişdirməsi vurğulanır. Deməli, KİV-dən istifadə edən fərd dünyagörüşünü inkişaf etdirir, kitabın dəyərini daha dərindən anlayır və ona ehtiyacı olduğundan kitabxanaya müraciət edir. Bu fikirləri indiki televiziya proqramları haqqında söyləmək mümkün deyil. İndi televiziyadan nələrin təbliğ olunduğunu məndən yaxşı bilirsiniz. Daha çox zəngin həyatın, müğənnilik peşəsinin və s. təbliğ edilməsi əksər adamları kitabdan uzaqlaşdırıb. 

Zərərverici şeylərdən uzaq durmağı öyrətdiklərindən televizora baxmıram. Tutaq ki, mən bu zərərvericidən uzaqlaşdım, bəs saatlarla gözünü ekrana dikib mənasız proqrama baxan maarifsiz ailələr və o ailələrdə böyüyən uşaqların qeydinə kim qalsın? Sabah cəmiyyətdə bu cür böyüyənlərə cahil, uğursuz kütlə kimi baxıb ələ salacaqlar. Onları bu səmtdən indidən qaytarmaq lazımdır. On-onbeş ailənin televiziyadan uzaq durmağı ilə problem həll olunmur. Kökündən düzələsi problemdir. Kanalların rəhbərliyi törənən fəsadları nəzərə almalı, millətinə can yandırmalıdır. Bir-iki sanballı kanal var, onu da müəyyən səbəblərə görə ələ salırlar. Qəribədir, AzTV-ni hakimiyyətyönlü olduğuna görə də, kino dublyajlarında kobud ifadələri çıxardıqlarına görə də tənqid edirlər. 

Azərbaycan telekanallarının bərbad durumu haqqında hər gün nə qədər fikir səsləndirilirsə, artıq yorucu mövzuya çevrilib. Ona görə yorucu olub ki, 
tədbir görülmür.

İndi televiziyada işləyənlərin çoxu kitabxananı tanımır. 

“Texnika əsridir” deyirsiniz, razıyam. Cavanların kompüter bilikləri var, bu da gözəl. Bəs texniki biliyi yetərincə olan bir gəncin yazıb çıxardığı bərbad elanları neyləyək? Təkcə texniki biliklərlə kifayətlənmək olurmu?

Əvvəllər deyirdilər: “İndi kitabxanaların çoxunda televizor və radio qəbulediciləri var və bunlardan əhali ilə mədəni tərbiyə işi üçün və kitab təbliğini gücləndirmək üçün kifayət qədər geniş istifadə edilir”. Bu günsə kitabxanada televizor olsa, işçilər  seriala baxarlar. (Yutub kanalında baxanlar var). 

İndiki KİV oxucu qatilidir.