İlqar Türkoğlu - DOSTLARA MƏKTUB
Dostlar, mənim könlüm dağ havasında,
İstəmirəm kimsə qəmə bələnə.
Kefim köklənibdi çağ havasında,
Ürəkdən ürəyə sevinc ələnə.
Qəlbim ocaq yeri, oda yeridi,
Dostlar üçün sevinc, nida yeridi.
Ümidlər hər kəsə ada yeridi,
Heç vaxt haqq vermədim haqqı bölənə.
Könlünüz istəsə, dəyin xətrimə,
Çələng də tutmuşam güldən sətrimə.
Dünyanın özü də sığar çətrimə,
Köksümdə taxt qurdum deyib-gülənə.
Hər atılan daşa zarımadım heç,
Günəşdən gizlədib, sarımadım heç.
Fərq etməz, yarıdım, yarımadım heç,
Yenə əl uzatdım Xali bilənə.
Çıxsın qaranlıqdan, çıxsın dan yeri,
Ucadan boylansın dostun şan yeri,
Tapılar canımda neçə can yeri,
Adımı ümidtək tutub gələnə!