AyazArabaçı - Bu gün elə yoruldum ki...
Bu gün elə yoruldum ki,
bu gün elə usandım ki...
Ağrıların təpiyinin altında
elə fərəhlə uzandım ki.
Sevincimi pencək kimi çıxarıb asdım bir stulun başına.
Heç nə demədim piyada keçidində
üstümə hürən maşına.
Bir səs çağırdı məni dalınca,
xısınca.
Yüyürdüm o səsin arxasınca.
İstəmirdim o səs payız yarpaqları kimi
ayağımın altından ötüb keçsin.
İstəyirdim o səs yorğunluğumdan öpüb keçsin.
Boşuna təsəllidir,
boğulanda saman çöpündən tutmaq.
İnsanın özünə etdiyi ən
böyük mərhəmətdir unutmaq..
Bu gün çox yoruldum, çox usandım,
Çox yollardan keçdim,
Çox izlərdən keçdim.
Kəndlərdən, şəhərlərdən,dağlardan, dənizlərdən keçdim...
Gəlib oturdum bir ağacın altında.
Göyün üçüncü qatında..
Ağac məndən soruşdu,
Neçənci bahardan gəlmisən
və hardan gəlmisən..
Dedim kölgəm məni tərk elədiyi yerdən..
Qoyunların qurdlara ərk elədiyi yerdən.
Dedi mən bilirsənmi niyə burdayam,
günəşin ovcunun içində?
Çünki bir ovuc kül olmaq istəyirəm.
Soruşdum niyə?
Ona görə ki,
külün keçmişi olmur.
Kül heç kimi gözləmir.
Mən gördüm bu ağac məndən də betər yorulub,
Məndən də betər usanıb.
Köhnə bir evin illərlə açılmayan pəncərəsi kimiydim.
Qəfildən bir daş çiliklədi məni
Ay bəri bax, bəri bax..