Aida Adıgözəl -Bumeranqın atış məsafəsini

Ədəbiyyat 18:11 / 03.07.2026 Baxış sayı: 259

Bumeranqın atış məsafəsini

qəzəb və nifrətin gücü,

öldürücü zərbəyə davamını isə səbr təyin edır.

Şirin-şirin qımışırdı dalğalar,

gəmilərin səssiz gedişinə,

qağayıların qəzəbli gülüşünə.

Səngərə səpilmiş boş gilizlər çox şeyi anlatırdı,

döyüşdən sonra yerdə qalan cəsədlərin yaralarının dərinliyinə baxdıqda...

Məğlubiyyət təkcə susqunluq deyil,

gələcəkdəki qəzəb və kin püskürməsinin başlanğıcıdır.

Sənə anlatmışdım qul ömrünün azadlıq arzusunu, qandallara alışmış məhbusun xəyal qırıqlığını,

verilən azadlıq payı sədəqə deyildisə.

Kirpik gözdən düşənləri saxlayacaq qədər güclü deyil.

Təbəssüm dramın ironiyasıdır.

Kölgələr gecələr görünmürlər.

Köks ötürmək həsəd və qibtə deyil, içində burulan sancıları udmaqdır.

Kiçik görünən hər şey böyük nədənlərin ilk pılləsıdır.

- Ayaq səslərini eşidirsənmi?

Gözləri təəccübdən genişləndi,

- Yox, heç nə eşitmirəm.

- Bağışla, unutmuşdum, xatirələrin təkcə məndə qaldığını...

Əlində açar varsa demək hələ də açılacaq qapılar vardır.

Şeir düşüncələrə və yaşantılara ruhun qoyduğu məlhəmdir,

müvəqqətı keyitmək üçün.

- Çiçəyin gülümsədiyini gördünüzmü?

- Mən gördüm, yağışdan sonra günəşlə öpüşürkən.

Ayrılıq - boşluqlara gedən qapqara yanmış zolaqlarda çarpanaq uclu daşlardır, yürüdükcə ürəyinəcən batıb incidən...

- Unutmağımı sordunuz, yoxsa köksündə hər göynərti hiss etdiyində ürəyindəki yanıq yerlərini sığallayan barmaqlarımı?!

Yarana söylə bir gün öz-özünə sağalacağını unutmasın.

Hər güzgünün arxasında məchul bir qaranlıq vardır.

Gözlə görülən yalanlar qulağa çatan doğrulardan daha acı olur.

Dünya boyda ağrısan içimdə,

yükün buğda boyda,

mən isə qarışqa gücündə...

Körpüdən keçənlər xatırlamaz, altından hansı suların axdığını.