Yunus Oğuzun “Türk Etnonimi ve Töreleri” kitabı türk oxuculara təqdim olunub

MƏDƏNİYYƏT 21:00 / 01.07.2026 Baxış sayı: 267

Yenises.az xəbər verir ki, Türk dünyasının tarixi, etnogenezi və dövlətçilik ənənələri ilə bağlı araşdırmaları ilə tanınan yazıçı və tədqiqatçı Yunus Oğuzun "Türk Etnonimi ve Töreleri" adlı  kitabı Türkiyə   oxucularının ixtiyarına verilib.

Bilgə Tonyukuk Yayınları tərəfindən nəşr olunan kitabda müəllif türk etnoniminin mənşəyi, türk xalqının formalaşması və qədim tarixinin müxtəlif aspektlərini araşdırır. Əsərdə qeyd olunur ki, bu gün türklərin harada meydana gəlməsi və inkişaf etməsi ilə bağlı iki əsas nəzəriyyə mövcuddur. Müəllif xüsusilə XIX əsrdən etibarən formalaşmış və uzun illər əsas elmi yanaşma kimi təqdim edilən nəzəriyyəyə fərqli  münasibət sərgiləyir.

Kitabda bildirilir ki, keçmiş Çar Rusiyası və daha sonra Sovet İttifaqının siyasi təsiri nəticəsində türklərin ana vətəninin yalnız Orta Asiya olduğu barədə yanaşma geniş yayılıb. Müəllif bu nəzəriyyənin siyasi amillərin təsiri altında ön plana çəkildiyini vurğulayaraq, türk tarixinin daha geniş coğrafi və tarixi kontekstdə araşdırılmasının vacibliyini önə çəkir.

Yunus Oğuz əsərdə türklərin etnik kimliyi, qədim adət-ənənələri, dövlətçilik və töre sistemi ilə bağlı müxtəlif mənbələrə istinad edir, oxuculara alternativ elmi baxış təqdim etməyə çalışır.

"Türk Etnonimi ve Töreleri" kitabı türk tarixini, etnologiyasını və mədəni irsini araşdıran tədqiqatçılar, tarixçilər, tələbələr və türk dünyasının keçmişi ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.