Təranə Məmməd : - Yenə hüzuruna gəlmişəm sənin

Ədəbiyyat 12:35 / 02.07.2026 Baxış sayı: 426

Yenə hüzuruna gəlmişəm sənin.

Uzat əllərini, əlimdən yapış.

Ötürmə köksünü hey həzin-həzin,

Bu yol aramızda cəmi bir qarış.

 

Keçirəm çöllərdən, dağdan , dərədən,

Sənin pıçıltını eşitmək üçün.

Sənə neçə kərə baş əyirəm mən,

Bəyaz əllərinə toxunmaq üçün.

 

Duyursan qəlbimin döyüntüsünü,

Sənə ürəyimi mən açmasam da.

Sezib anlayırsan hər bir sözümü,

Özün kəlmə kəsib danışmasan da.

 

İlk sevgi oduna alışan zaman,

Səninlə söhbətə gəlir gözəllər.

Bəlkə də onların göz yaşlarından,

Suların bu qədər duzludur, Xəzər!