Firuz Mustafa - XOŞBƏXTLİK
* Xoşbəxtlik gələndə adətən xəbərsiz gəlir. Amma gedəndə əvvəlcədən xəbərdarlıq edir.
* Xoşbəxtlik gələndə, o, bədbəxtliklə qol-boyun olub yatmışdı.
* Xoşbəxtlik haqda düşünmürsənsə, deməli xoşbəxtsən.
* Xoşbəxtlik həmişə haray-həşirdən uzaq gəzir.
* Xoşbəxtlik həmişə nəyəsə ehtiyac duymaqda və ya duymamaqda deyil. Xoşbəxtlik ehtiyacla daim dost olmaqdadır.
* Xoşbəxtliyi kənarda axtarmaq mənasızdır. O, sənin öz daxilində yaranmalıdır. Kimsədən xoşbəxtlik ummaq sadəlövhlükdür. Xoşbəxtliyi sən özün yaratmalısan.
* Xoşbəxtlik elə bir sərvətdir ki, onu təkbaşına xərcləmək olmur.
* Xoşbəxtliyin kölgəsi dilləndirir sükutu
tarın telləri kimi.
Dibçəkdə bir cüt çiçək açılıbdır zülmətə
tanrı əlləri kimi.
* Xoşbəxtlik haqqında. Hərənin xoşbəxtlik haqqında öz subyektiv təsəvvürü var. Bu, təbiidir. Amma xoşbəxtlik barədə subyektiv təsəvvürlərin obyektiv tərəfləri də var. Bu, çox geniş bir mövzudur. Mən xoşbəxtliyin yalnız dar bir nüansı barədə qısaca söhbət açıram-fərd və cəmiyyət xoşbəxtlik fenomenini necə dərk edir?
1-ci. Xoşbəxtlik mənim daxili işim kimi. Mən təklikdə və öz ailəmlə xoşbəxtəm.
2-ci. Qonşularım məni xoşbəxt kimi qəbul edir. Mən də onları xoşbəxt görmək istəyirəm və bu mənim bəsimdir.
3-cü. Qohumlar mənim xoşbəxtliyimi bilirsə, bu, mənimçün kifayətdir. Mən də öz qohumlarımın xoşbəxtliyi üçün əlimdən gələni əsirgəmirəm.
4-cü. Millətim mənim xoşbəxtliyimi bilirsə və mən də öz millətimin xoşbəxtliyi üçün çalışıramsa, bu, ən böyük xoşbəxtlikdir.
5-ci. Bəşəriyyətin xoşbəxtliyi- elə mənim öz xoşbəxtliyim deməkdir.
Deməli, xoşbəxtlik ictimai mahiyyət daşıyır.
Deməli, təklikdə xoşbəxt olmaq mümkün deyil.
Yalnız bayquşlar təklikdə xoşbəxt ola bilərlər.
F.M.
"Buz üstə yazılmış sətirlər" kitabından