Fəridə Rəhimli : - Sevgisini, kədərini şeirə    çevirən...

YAZARLAR 07:55 / 29.03.2024 Baxış sayı: 2284

Əbülfət Mədətoğlu şeirlərinin ilk oxucu­la­rın­dan biri kimi əminliklə deyə bilərəm ki, o, şeir yazmaq fikriylə şeir yazmır, gündəlik təəs­sü­rat­la­rını, duyğularını, etirazlarını, sevincini, kə­də­rini, heç kimlə etmədiyi, edə bilmədiyi öz-özüy­lə etdiyi söhbətlərini vərəqə köçürür. 

 

Mən o qədər tənhayam ki,

Bunu ancaq Allah bilər...

Mən elə bir səhrayam ki,

Burda ancaq kədər bitər…

 

Bu şeirlər eyni zamanda sanki onun biriylə ömrü boyu davam edən söhbətidi. Ona görə də şeirlərini bəzən redaktə etmədən digərinə ke­çir. Və təbii ki, söhbət edərkən sözlərimizi re­dak­tə etmədən danışırıq...

Onun güclü müşahidə qabiliyyətini həmişə sezmişəm. Və bunu şeirlərinə yansıtarkən ma­raq­lı, fərqli bir hiss yaranır. Hər kəsin baxdığı, amma hər kəsin görmədiyi, kiçik saydığımız, am­ma oxuduğumuzda düşündürən fikirlər. Mə­sə­lən,

Oxşadığın hər gülün

Bir-birindən tər gülün...

Yazındakı vergülün -

Butasına qısqandım...

 

 Vergüldə buta olduğuna mən şairin bu şeiri­nə qədər diqqət etməmişdim. Və yaxud,

 

Bəxtəvər ipək qurdları

Ölür evinin içində...

 

Bu, qaçqınlıq illərində ev-eşiyindən didərgin düşmüş, ruhunun iki yerdə - biri bədənində, di­gə­ri yurdunda qalan şairin o ipək qurduna hə­sədi idi... Və o böyük qibtənin bir qurdla mü­qa­yisəsi bizim görmədiyimiz ağrılı müşahidə idi...

Şairin şeirlərindəki çoxlu bənzətmələr diq­qət çəkir və film kimi insanın gözü önündə canlanır.

 

Susmuşam... öz içimin

Divarının dibində...

Gülür mənə uzaqdan -

Təklik, əli cibində!..

 

“İçinin divarlarının dibini” və “uzaqdan ona gülən əli cibində olan təkliyi” siz də görə bil­di­niz­mi!?.

Şeirlərində tez-tez dialektləri istifadə et­di­yi­ni oxucuları bilir. Əvvəllər bunu ona irad tu­tar­dım, sənin bölgəndəki insanların anladığını baş­qa oxucuların anlamaya bilər deyə. Amma o, “biz bu ayrıcalıqlarımızla birik, zəhmət çəkib öy­rənsinlər” dedi və mən bir daha bu söhbəti açmadım.

Əbülfət müəllimin şeirlərini şənlənmək, “tost” demək üçün əzbərləmək fikrinə düş­mə­yin, çünki onun şeirləri daha çox əlçatmaz sev­gi­yə, yalnız­lı­ğa, düşünməyə, kədərlənməyə,  hic­rana, həyatın sevincli tərəfinin qəmli tə­rə­fin­dən az olduğuna, in­sanların məzar ziyarə­tin­dəy­kən qəbul etdiyi - hə­yatın fani olduğu dü­şün­cəsinə olan əminlik çalarlarıyla zəngindi.

 

Bir təklikdi, bir sükutdu, bir də ki

Dörd divardı - söhbət edir bu adam!..

Çiynindəki günahlardı, yerdəki -

Öz-özünü töhmət edir bu adam...

 

Amma son illər otuz il qaçqın həyatı ya­şa­mış, torpaq, yurd həsrətinin ağırlığını çiyin­lə­rin­də daşımış şairin şeirlərində, şəhidlərimizə rəğ­mən, az da olsa nikbinlik, qürur, sevinc ça­lar­ları da hiss edildi şükürlər olsun! Otuz illik kə­dərini içində daşıyan Əbülfət müəllimin bir an üzündə sevinc görmək dəyişik bir təəssüratdı...

 

Bu payız, ömrümün baharı oldu,

Gözü aydın olsun torpağın, daşın!..

QƏLƏBƏ əbədi vüqarı oldu -

Sildi Qarabağım gözünün yaşın!..

 

Amma bu sevinc də uzun çəkmədi – şair ye­nə Məcnun libasını geyinib, xəyali Leylasını ara­mağa getdi...

 

Fəridə RƏHİMLİ