Fərhad Tapdıqoğlu : - Boyun

Hələ körpə ikən anasının boynuna o qədər sarılıb ki...
Atası onu boynuna mindirib gəzdirərdi..
Kiçik yaşlarında boynundan gözmuncuğu da asmışdılar.
Boynunun yastıqdan düşdüyü ,boynunun ağrıdığı vaxtlar da olmuşdu.
Böyüyürdü...Valideynləri ona yalan danışmamağı,səhvi olanda etiraf etməyi,boynuna almağı başa salmışdılar.Ona görə yanlış hərəkətlərini,xətalarını boynuna alırdı həmişə...
Övladların cəmiyyətə yararlı vətəndaş kimi yetişməlırində əsas yük,ağırlıq ata- anaların boynuna düşür....
İdmanın güləş növü ilə məşğul olurdu.Dəfələrlə rəqibini boynuna alıb,sonra başı üstə qaldırıb ,yerə çırpmışdı.Boynu yoğun ,boynun döndərə bilməyən pəzəvəng adamları,boynunda kimlərinsə boyunduruqlarını gəzdirənləri xoşlamazdı.Heç kimin qarşısında boynunu belə əyməmişdi.Kimdənsə asılı vəziyyətə düşüb ,qarşısında boynu bükük dayanmamışdı.
....Uğuru uğur dalınca qazanırdı..Boynundan asılan medalların sayını itirmişdi.
Boynunda atasının da,məşqçisinin də əziyyəti,haqq- sayı çoxdur, danılmazdı.
Boynundan asdıqları medalların onun üçün ən dəyərliləri "hay" lar üzərində qazandığı qələbələrdən sonra aldığı medallar idi.
Atası onun rəqib düşmən idmançını məğlub edəcəyi halda bahalı hədiyyə boyun olmuşdu .
Sonuncu güləş zamanı düşmən rəqibin hətta boynunu sındırmışdı...
Atası boyun olduğu hədiyyəni aldı....
....Həmin gün televizorda müğənni xanım,oxuyurdu:
"Ay gedən oğlan hil olum boynuna".
Orta məktəbdən sevdiyi qıza bu gün valdeynləri elçi gedirdilər və getdilər... Necə deyərlər " o qız hil oldu bu idmançı oğlanın boynuna"...
Valideynləri boyunlarına düşən valdeynlik haqlarından birini də yerinə yetirdilər....
P.S. ... Bu yazını yazmaq ,paylaşmaq da mənim boynuma düşdü..
Boynuma alıram ki,belə övladlardan yazmaq,valideynlərin xöşbəxt günlərinin sevincini görmək mənə zövq verir.. Oxumaq,bəyənmək,yorum yazmaq isə fb dostlarımın boynuna düşür...