Fərhad Tapdıqoğlu: -32 ildən sonra

YAZARLAR 11:10 / 19.03.2025 Baxış sayı: 604

 

Asif kişi Əbdürrəhimə zəng etdi ,salam- kəlamdan,hal- əhvaldan sonra birbaşa mətləbə keçdi:

--Əbdürrəhim ,deyirəm ağaclar alaq, gedək adı qalan kəndimizə,kənd qəbiristanlığının ətrafında əkək .Həm də kənddə çərşənbə tonqalı yandıraq .Nə məsləhət görürsən?

Əbdürrəhim :

---Əlbəttə yaxşı təklifdir.Kənd camaatının əksəriyyəti "qara bayrama " gedəcəklər.Amma çərşənbə tonqalı yandırmağa ,ağac əkməyə də gedənlər olar.Narahat olma.

....Asif artıq 70 yaşını arxada qoymuşdur,qardaşımdır.Birinci Qarabağ müharibəsində könüllülərdən ibarət batayonun rota komandiri olub. Kənd briqadirinin müavini işləyib.İki qardaşımız şəhid olub."Azərbaycan bayrağı " ordenli qardaşımız Surxay Məhərrəmovun da, atamızın da qəbri bu məzarlıqdadır.

Əbdürrəhim də 60 yaşına yaxınlaşır. Polis orqanlarında işləyib.Birinci Qarabağ müharibəsinin iştirakçısı ,qazidir.Əbdürrəhim əmimizin nəvəsidir,əmimizin adını yaşadır.Əbdürrəhimin böyük qardaşı ,polis serjantı Mətləb Allahverdiyev kəndin ilk şəhidlərindəndir.O da bu məzarlıqdadır. Kəndimizin şəhidlərindən Təbiət Rüstəmovun da,Səfərova Züleyxanın iki övladı ilə qəbirləri buradadır.

Bu iki nəfər ,Asif kişi ilə Əbdürrəhim kənd işğaldan azad olunandan sonra ,ən çox ora ziyarətə gedən insanlardır.Əlbəttə işğaldan azad olunan torpaqdır.Kənddən qalan, torpaqdan bir neçə metr yuxarı hissəsi çay daşlarından hörülmüş kənd evlərinin qalıqlarıdır. Mənbəyi "hay"ların yaşadıqları tərəfdə olan "İncə çay " da quruyub .İstər həyətlərdə olan bağlar,istərsə də kəndin meyvə bağları,üzüm bağları hamısı məhv edilib, yerində alçaq qonşularımız qarğıdalı,taxıl əkirmişlər.İndi də o torpaqlar azad olunandan " bizim şirkətlər" əkirlər .

Bu kəndin sakinlərinin yeganə ziyarət yerləri kənd qəbiristanlığıdır.Onun da boş qalan hissəsini o "bizimkilər" şumlayıblar,hətta bir neçə qəbri də dağıdıblar.Yaxşı ki, ora təsadüfən gedən kənd adamları bunu görüb, qarşısını alıblar...

Asif kişi,Əbdürrəhim ,Zakir,Fehruz,Zaur,Rəşad,Millət ,Valeh və başqaları kəndin qəbiristanlığını kol- kosdan təmizləyib ,30-a yaxın ağac da əkdilər.Torpaq altında yatanların ruhuna dualar oxundu.Ziyarətə gedənlər özləri ilə su da,yemək də götürmüşdülər.( Yazdığım kimi,o torpaqda su da yoxdur.İndi orda su quyusu qazmaq barədə düşünürlər kənd adamları. Bəlkə də subartezian quyusu vurdurdular).

Süfrə açıldı,nahar edəndən sonra qadınlar quşəppəyi ,lala( lalə),qoyun qulağı yığdılar.Əməköməçi də xırda idi,quzu qulağı da,çiriş də,mərəçöyüd də...

Ziyarətə gedənlər söhbətə başladılar.Bayramqabağı " öylərin çölə tökülməsindən".Yəni evlərdə( öylərdə) yorğan döşəklər ( mitillər),palazlar,gəvələr,fərməşlər ...günə verilirdi...

Odun sobaları ( peçləri,puçları) çıxarılır,ağ neftlə silinir,kuma,yaxud başqa bir yerə qoyulub,növbəti ilə saxlanılırdı.Evlər əhənglə ağardılırdı.

"Qapı pusmalar" ,torba sallamaq, hava işıqlaşmamış çayın kənarına gedib,addamaşları adlayıb,o üz- bu üzə keçmək ,çərşənbə tonqalları,"ağırlığım- uğurluğum" deyib ,tonaqlın üstündən atlanmaq...

Divanalılar kəndi gözəl evləri,bağ- bağatları ilə seçilirdi.Kənd qazlaşdırılmışdı.Evlərə də su xəttləri çəkilmişdi.( Subartezian quyuları vurulmuşdu, xətlərə qoşulması qalmışdı).

Amma hamının qapısında su quyusu var idi.Hər bir evdə hamam,hər qapıda ya minik ,ya da yük maşını ...

Kənddə toy ,yas olanda bir- biri ilə küsülü olanlar da ,təklif gözləmədən,mağar yeri düzəldilməsində və başqa işlərdə köməklik edırdilər...

Kəndin abadlaşdırılmasında iştilak edənlərin,torpağın üstündə çalışanların xeyli hissəsinə 1993- il aprel ayının 2- dən( kənd işğal olunan gündən) doğma torpağın altında əbədi uyumaq da qismət olmadı.Respublikanın demək olar ki,bütün şəhər və rayonlarının məzarlıqlarında kənd adamları var.( Hələ də kəndin gələcək taleyi məlum deyil.Çox güman ki,orada kənd salınmayacaq).

Kənd camaatının, uşaqdan böyüyə hər bir kəsin iştirakı ilə kənddə 20 Yanvar şəhidlərinə abidə ucaldılmışdı.( Onu qeyd eləyim ki,abidə ətrafı işıqlandırma sisteminin avadanlıqlarını mən apamışdım)

....Artıq hava qaranlıqlaşırdı.Çərşənbə tonqalı yandırmağın zamanı gəldi.Birinci tonqal kənd qəbiristanlığının girəcəyində yandırıldı.Adı qalan kəndimizin ən fəal nümayəndələrindən biri,kəndə həmişə ziyarətə gedənlərin ən yaşlısı ,ağsaqqalı Asif kişinin qapısında da tonqal alovlandı...

Ən böyük tonqal isə vandallar tərəfindən dağıdılmış "20 Yanvar" abidəsinin yerində yandırıldı.Bütün şəhidlər anıldı.Doğma torpağın altında əbədi yatmaq qismət olmayanlar da anıldı....

2023- cü ilin sentyabrından bütün torpaqlarımız tam azad olunsa da,hələ də vaxtilə 850 təsərrüfatı ,zamanında bəyliklər olan,divan ( məhkəmə ) yerləşən,1991- ci ilin dekabrın 7- də işğal olunan ( işğal olunanda cəmisi 7 ev qalmışdı) Yuxarı Divanalılara hələ də kənd adamlarını buraxmırlar.Səbəblər tam məlum olmasa da,bir səbəb başa düşüləndi.Bu kəndə demək olar ki,bitişik olan bizimkilərin Maşadkənd( Maşad bəyin kəndi) ,alçaqların Maçkalaşen( indi kəndin adına Cütçü deyirlər) kəndinin evlərində qalan əmlaklar yəqin hələ də tam " daşınmayıb"...Məncə əsas səbəb elə odur.

Yüz illiklər tarixi olan ,babalarımızın,nənələrimizin uyuduqları bu qəbiristanlıqdakılar da tonqal ətrafında dayananlar tərəfindən anıldı.

32 ildən sonra bu torpaqda qalanan tonqalın istisinə mən də isindim....

İlaxır çərşənbəniz mübarək!

Novruz bayramınız mübarək!

18 .03.2025