Əyyub Türkay =BU AYRILIQ TANRINI DA KÜSDÜRDÜ=

Vaxt var idi, ürəyində mən idim,
Sevə-sevə yaşayırdım orada.
Bu ayrılıq Tanrını da küsdürdü,
Bir də çətin belə sevgi yarada.
Ömrə Günəş, Ay olmadın, sevgilim,
Qışa döndün, yay olmadın, sevgilim,
Qismətimdə pay olmadın, sevgilim,
Qaldım iki dünya ilə arada...
Ahım göydən yağış olub enəndən,
Damcı-damcı gözlərimdən düşəndən,
İlk göz ağrım, üzün məndən dönəndən,
Ağ günlərim əsir düşdü qarada.
Öz canımdan, öz qanımdan bac aldım,
Görmədim ki gözlərində ucaldım.
Gözləməkdən fəsil-fəsil qocaldım,
Yollarımız ayrılanda yarıda.
Heç olmasa, yuxularda görüşək,
Eybi yoxdur, xəyallarda birləşək,
Bircə dəfə birləşməkçün dirəşək,
Qoyma məni nakamlarla sırada.
Dağ vüqarın dumanlara tuş gəlsə,
Gənc ömrünə bahar vaxtı qış gəlsə,
Mənə görə gözlərindən yaş gəlsə,
Daş ürəklim, səni gəzim harada?