Əşrəf Veysəlllidən ÜÇ ÇEİR
"Məni qoymayın təklənəm"
M.Araza
Üstümə gur sular gələr,
Köpüklənə-köpüklənə.
Dünya başıma dar gələr,
Məni qoymayın təklənəm.
Sel boğan səngər kimiyəm,
Silahsız əsgər kimiyəm.
Təklənsəm,tək əl kimiyəm,
Məni qoymayın təklənəm.
Dərd başımdan aşıb-daşır,
Qəlbim qəmlə qucaqlaşır.
Təklik Allaha yaraşır,
Məni qoymayın təklənəm.
1989
Bu başları sağ olmuşun
Becərməyə torpağı yox
Dincəlməyə otağı yox.
Başlarında papağı yox
Bu başları sağ olmuşun.
Yarasına dərmanmı var,
Dərddən,qəmdən amanmı var.
Sağlığına gümanmı var,
Dərdi yalquzaq olmuşun.
Bu bəxt deyil,dərddi bala,
Dərd bizi oynatdı,bala.
Övladı qeyrətdi ,bala,
Anası torpaq olmuşun.
Ürəyim Sizə sarıdı
Yar könlümdə yer elədi,
Ürəyimi şeir elədi.
Ömrümü oda bələdi,
Könlümü közə sarıdı.
Odlansa da,bağrım mənim,
Yaşadacaq şeirim məni.
Nə yaxşı ki, yarım məni
Əyirib sözə sarıdı.
Ey ümidim,bu dünyada
Qəlbim təmiz,eşqim ada.
Gözlərim hara baxsa da,
Ürəyim Sizə sarıdı.