Elşən Əzim - Axşam peyzajı

Şər qarışanda
bir yorğun adam gözü
baxır dünyaya.
Göyün üzü
zabit kiteli rəngində
bir cüt ulduz düymələnib yaxasına.
Yarpaqlar
ölüm hökmü almış adam kimi əsir.
Qonşunun pəncərəsindən
mahnı səsi özünü atır
küçəylə gedən maşının
təkərləri altına.
Cırcırama səsi qayçıya dönür
kağız kimi doğranır sükut.
Masamın üstündə pivə köpüklənir
toy tamadasının nitqi kimi.
Dünyanın tavanı çökür elə bil
Yaxşı ki, sərv ağacları var.