Əlisəfa  Azayev : - MƏZƏLİ ADAM

Ədəbiyyat 18:27 / 15.05.2024 Baxış sayı: 1545

 

                                 Əziz kişi məzəli, kefkom bir adam olsa da, son vaxtlar özünü çox kefsiz, nasaz kimi hiss edirdi.Bu səbəbdən bir gün üz tutdu rayon mərkəzindəki poliklinikaya.

Can həkimi Vahid onu səmimiyyətlə qəbul edib, əyləşməsi üçün  yer  göstərdi, soruşdu:

    • Xeyir ola, ağsaqqal?
    • Gəlmək olmaz?
    • Niyə olmur ki... Hər halda bir ağrın-acın, dərdin olur ki, bura gəlirsən də.
    • Arif adamsan, əslində də belədi. Buna deyərlər peşə duyumu.
    • Hə...
  • Həkim, nə gizlədim, bu zəiflik məni əldən salıb da. Qan təzyiqim də bir tərəfdən.

Həkim o an dilləndi:

  • Az ye, az iç, az yat...
  • A kişi, sən kefdən danışırsan.
  • Yemək-içmək hardadı, başımızı güclə dolandırırıq.
  • Onda çox hərəkətsiz qalırsan.
  • Hə də, pensioner adamıq.
  • Təqaüddə olanda nolar ki, hərəkət etmək lazımdı. Dəmir də sürtünməyəndə paslanır. Şumçıxaran, kotan görməmisiz? İşləyənin ağzı par-par parıldayar. Kişi onun sözlərindəki gizli eyhamı duymuş kimi pərt halda susanda, həkim yenə də gülümsər halda dilləndi:
  • Bir sözlə paslanmağa qoyma...
  • Nəyi?!.
  • Elə bütün hissələrini... Bir sözlə, piyada hərəkət elə, maşına minmə.

Əziz kişi həkimdən ayrılıb, küçəyə çıxanda çox fikirli idi. Hərdən öz-özünə danışır, gileylənirdi: İndi mənə maşın saxlasınlar, minməyim?! Bu da sözdür?!... Ancaq nə edək, həkim sözləridi də, eşitmək lazmdı. Cəbhədə, elə dinc həyatda da həkim sözü qanundu axı. Onu eşidib döyüşçünü döyüşə göndərmir, ölüm cəzasını təxirə salırdılar. Bəli, xəstədi, qızdırması var, hərarəti yüksəkdi deyə...

Əziz kişi hörmətli adam idi... Vəzifələrdə işləmişdi. Rayonda az-çox tanınır, xətrini istəyirdilər. İndi kimə desəm ki, mənə maşın saxlama, sür get. Siqnal səsi eşitdi. Əvvəl bu səsi eşitməzliyə vurmaq istəsə də, mümkün olmadı.

  • A kişi, səninlə deyiləm?...
  • ...
  • Bir bura bax da...
  • ...
  • Ə, bunun qulağı da xarab olub?!

Əziz kişi əlacsız qalıb pərt halda yana dönəsi oldu. Qonşular Ataş idi. Səsləndi:

  • Oğul... Sən get...
  • Evə getmirsən?
  • Həkim deyib ki, piyada hərəkət elə... Maşına minmə.
  • A kişi, onların söz-söhbətlərinə çox da fikir vermə.Siqareti də pisləyir, hamıdan çox çəkirlər.
  • Bahalısından...
  • Yüksək maaş alırlar da. Rüşvətin xiridarı elə onlardı.
  • Ataş nə qədər təkid etsə də, Əziz kişi onun maşınına minmədi ki, minmədi. O da sanki bu acığa maşına bir sürət verdi ki, küçədəkilər heyrətlə onlara tərəf  baxdılar, soruşdular:
  • A kişi, hərəkətdi bu edir?
  • Tərbiyəsini göstərir də.
  • Tozda dayanma, bəri gəl. İndiki cavanlarla çox çətindi.

Bir az getmişdi ki, yenə siqnal səsi eşitdi. Bu qara yaxa taksilərdən idi. Özü də onlara xidmət edənlərdən biri... Oğlan maşını saxlayandan sonra dərhal yerə düşüb, ona qapını açdı:

  • Buyurun, əmi...
  • Əziz kişi pərt halda dilləndi.
  • Çox sağ ol... Ancaq mənə həkim piyada gəzməyi, hərəkət etməyi məsləhət bilib. Deyir ki, çox oturaq həyat keçirirsən.
  • A kişi, ayıbdı axı...İndi mən səni yolda qoyum?
  • Həkimdi, beləməsləhət bilib də. Özüm də hiss edirəm ki, elə bu sonsuz ağrı-acılarım bu səbəbdəndi.
  • ...
  • Elə bilirsən ki, pulum yoxdu?...
  • ...
  • Var!..Kişi əlini cibinə salıb bir dəstə pul çıxardı.
  • Bilirəm... Sən pullu, imkanlı adamsan.
  • Bax... Manatım da var...
  • ...
  • Beş manatım da...
  • ...
  • On manatım da... Vaxtında işlədiyim tədarük idarəsi imkanlı idi.

Kişi həmin gün evə çatanda lap təngnəfəs olmuşdu. Əldən düşən kimi idi. Həyat yoldaşı Samirə soruşdu:

  • A kişi, nolub belə?!... Lap yük daşımış at tək ləhləyirsən ki...

Kişi ona çəpəki nəzər saldı, qeyzləndi:

  • Bu da lazımdı da...
  • Yoxsa yalan deyirəm?
  • Hə, indi məni belə bilərsən.
  • Qadın qımışdı:
  • Yaxşı, dərdini de.
  • Həkimə getmişdim.
  • Nə dedi?
  • Dedi ki, çox oturaq həyat keçirirsən. Maşına minmə, pay-piyada gəz-dolan.
  • Düz deyir də... Mən sənə neçə dəfə demişəm ki, bir küçəyə, adam içinə çıx da.

Kişi mızıldandı:

  • Həkim də nə həkim... Deyir ki, paslanmağa qoyma...
  • Nəyi?!
  • Ehtiyat hissələri.
  • Qadam onun ürəyinə. Elə sənin kimi sözbazın biri imiş də.

Əziz kişi şirin nahar elədi. Nəvələrini oynatdı. Arada lap hirslənən kimi oldu:

  • Az səs-küy salın... Qan təzyiqim yenə də qalxıb.
  • Hərə ona bir məsləhət verdi:
  • Dərman at.
  • Yat...
  • İnnab ye...

Həkimin sözləri yadına düşdü. Gülümsədi:

  • Oturaq həyat belədi də... Bəlkə, yenə gəzməyə gedim.

Nəvələri çığırışdı:

  • Baba, mən də...
  • Mən də...

O, nəvəsi Gülayın başını sığalladı, balaca Elçinin üzündən öpdü:

  • Sakit olun...

Gəlini Nigar dilləndi:

  • Hə, əmi... Onların yatan vaxtlarıdı.

Kişi küçəyə yenicə çıxmışdı ki, yenə də siqnal səsi eşitdi. Taksini görməzliyəvurmaq istəsə də, yenə də mümkün olmadı. Sürücü hey onu səsləməkdə idi:

  • Əziz kişi!...
  • ...
  • A kişi, sən deyilsən?!...
  • ...
  • Bir bəri bax da!...

Kişi ona tərəf baxanda əli ilə işarə elədi ki, mənə taksi lazım deyil. Sürücü isə qarayaxahlığına salıb hey dillənməkdə idi:

  • Köhnə müdir!...
  • ...
  • İndi mən səni yolda qoyub gedəcəyəm?!
  • ...
  • Ayıb deyil mənə?!...

Kişi daha dözə bilməyib dilləndi:

  • Vahab, çox sağ ol... Elə bilmə ki, pensiyaya çıxmışam, əlim aşağıdı...
  • Yox...
  • Deyirəm də... Kişi cəld əlini cibinə salıb bir dəstə pulunu ona da göstərdi:
  • İnanmırsan, bax...
  • Görürəm.
  • İçində iyirmi manatlıq da var, əlli manatlıq da... Sadəcə olaraq maşına minməyi həkim məsləhət bilmir.

Sürücü qeyzləndi:

  • Ay o həkimin başını dağlayım... Gərək bizə sataşaydı. Çörəyimizə mane olaydı. İndi səni aparsaydım əlini cibinə salacaqdın da.
  • Kişi axşam evə çox vaxtsız qayıtdı. Arvadı zarafatından qalmadı:
  • A kişi, bu vaxta qədər harada qalmısan?
  • Uzaq yol gəlməm də...
  • ...
  • Pay-piyada...

Qadın yenə gülümsədi:

  • Mənə yox da... Yenə hansı katibənin yanına getmişdin?
  • Sən kefdən danışırsan.
  • Sənin bazlığın kimə məlum deyil?! Elə bilirsən ki, həkim o sözləri səbəbsiz deyib?
  • Nəyi?!.
  • Paslanmağa qoymayın sözlərini.
  • Ay arvad... Danışdı da...
  • Elə isə bəs bu nə deməkdi? Necə yəni hissələri paslanmağa qoyma?

Onun bu sözlərindən kişi lap təsirlənən, istilənən, haldan çıxan kimi oldu:

  • Axşam yatanda, yorğanın altına girəndə izah edərəm sənə.
  • Arvadı onu yamsıladı, qınadı:
  • Abrın olsun... Sakit... Gəlin eşidər.

Bəlkə də, elə bu səbəbdən axşamdan kişi zəif düşmüşdü. Gecə də bir tamaşa göstərdi ki, arvad-uşaq başına toplaşdı. Hey zarımaqda, təkrar etməkdə idi:

  • Ölürəm...
  • Ölmərsən... Dərman at...
  • Dərmanın təsiri varmı?
  • Sən onu dilinin altına qoy... O şoğəribin adı nədi? Kaptopril 50mg. Enap da pis deyil.
  • Birin də at...
  • Yox...
  • Vallah elə yaxşısı var ravmatindi. İksini at, hər şey qaydaya düşsün.

Bir neçə dərman atsa da, qan təzyiqi hey qalxmaqda idi. Arada nar, limon yemiş, onların şirəsindən içmişdi. Nəvələri onun bu halını görüb kövrəlirdilər:

  • Baba, ölmə...
  • Həkim çağırın da...

Haqqı böyüklər bayaqdan təkid etsələr də, kişi özü razı olmurdu. İndi nəvələrinin kövrəldiyini görüb razılaşan kimi oldu. Dərhal “103”ə zəng çaldılar. Oradan sorğu edildi: “Ünvan deyin”. Yaşadıqları ünvanı desələr də, qeydiyyaı qız hey sorğu-sual etməkdə idi: Kimsiz, nəçisiz?.. Gəlişləri isə xeyli çəkdi.

Bir azrdan sanki şad xəbər verdilər:

  • Təciliyardım maşını gəldi:
  • Şükür,deyə səsləndilər.
  • Qabaqlarına çıxın da...

Onlar iki kök, dolu qadın idi. Həkim yaşlı, tibb bacısı cavan. Əllərindəki sumka o qədər iri idi ki. Onun ağzın açanda, içindəki saysız-hesabsız dərmanlar göründü. Həkim soruşdu:

  • Xəstə sizsiz də?
  • Bəli...
  • Gümrah kişiyə oxşayırsız, qalxmayın, eləbelə uzanın...
  • Qan təzyiqim qalxıb.
  • Ölçmüsüz?
  • İki yüzü keçib.
  • Bu çox pis. Qoy mən də ölçüm.
  • Ölçün də...
  • Həkim sarğını onun elə köynəyi üstündən bağlayanda, kişi dedi:
  • Qolumu, köynəyi sıyırım, açım da.
  • Ehtiyac yoxdur. Belə də olar. 

Bir azdan o, qaşlarını çataraq dedi:

  • İki yüz qırxı keçib ki... İynə vuracağıq.
  • Qolumdan.
  • Yox... Yanınızdan...

Arvad-uşaq onları tək buraxası oldu. Hətta həyat yoldaşı da sıxılırmış kimi üzün kənara tutdu. Tibb bacısı iynəni yanına çox ustalıqla vursa da, yenə də ağrıtdı. Həkim soruşdu:

  • Ağrıtmadı ki?
  • Bir o qədər yox...Arada həyat yoldaşına işarə etdi ki, əziyyət çəkib gəliblər, onlara xərclik təşkil elə.

Kişi o gündən əsl mənada təzyiq xəstəsi oldu. Kimlə gorüşür, söhbətləşir, bu dərdi barədə söhbət salırdı.

  • Sən mənim canım heç sözdür...Onu yemə, bunu içmə... Tamam bu dərmanların əlində itib-batmışam. Səbəbini də gah sinirdən, gah ürəkdən, gah böyrəkdən, gah da böyrəküstü vəzidən deyirlər. Bu dərmanlar lap zəhləmi töküb. Bundan sonra onları atan deyiləm.

Dostlar, qohumlar, qonşular, tanışlar beləanlarda ona məsləhət bilir, deyirdilər:

  • Əziz kişi, nə etmək, həkim deyənə bax da...
  • Taksilər qoysalar...
  • Hə, onların sayı çox artıb.
  • Hamısı işsizliyin nəticəsidi də.
  • Həm də təmbəlliyin. İmkan olan da, olmayan da bir maşın alıb qoyub altına, küçəyə də çıxmaq olmur. Özü də adamdan elə inciyir, adama elə sözlər deyirlər ki. Biri o gün mənə nə desə yaxşıdı: A kişi, ayıb deyilmi piyada gedirsən? Gəl min maşına...

Belə söz-söhbətlər onun da yanında çox təkrarlanmışdı. Hətta birinə əlacız qalıb yüzlük göstərəsi olmuşdu:

        • Ə, bax da, elə bilirsən ki, mənim pulum yoxdu?! Sağ olsun dövlətimizi. Azdan-çoxdan pul verir də.

Ancaq beləcə şux, baməzə bir adam olan Əziz kişi bir gün yamanca pis vəziyyətə düşdü. Özü də tək-tənha olanda, uzaq bir küçədə... Qan təzyiqi qəflətən iki yüz əllini keçmişdi... Dava-dərmandan da yanında yox idi. Bunu özü də hiss etdi və ciddi həyəcanlandı. Necə də pörtüb-qızarmışdı, tər alnından su tək axırdı. Bu səbəbdən də qan dövranı pozulmuş, təngnəfəs olmuşdu. İstər-istəməz birdən, yerə yıxıldı... Özü də çirkab su küvetinə...

O, güc-bəla ilə əlini qaldırıb, yolla keçən taksiləri köməyə çağırmaq istəsə də, sanki onu, titrək əlini görən yox idi. Bəlkə də, heç görmürdülər...

Səhər onu tapanda artıq gec idi. Sərt şaxtadan elə ordaca donub tanınmaz hala düşmüşdü. Məzəli bir adam olan Əziz kişiyə sanki ölüm yaraşmır, insanı valeh edən xoş təbəssümü hələ də sifətində, üzündə idi...