Əlisəfa Azayev : - Goranboy xatirələri

YAZARLAR 10:50 / 29.11.2024 Baxış sayı: 1776

... 10 oktyabr 2024-cü il. Yolumuz Tərtərədi. Orada Hərbi Məhkəmənin sədri işləyən İlqar Quliyevlə görüşmək, söhbətləşmək fikrindəyəm. Onu Siyəzəndə dövlət notariusu işlədiyim vaxtlardan tanıyıram. Orada Məhkəmənin sədri işləyirdi. İşlədiyimiz müddətdə münasibətlərimiz tam qaydasında olmasa da, pis də olmamışdı. Hərdən söhbətləşər, dərdləşərdik.

Tərtərdə Məhkəmə sədri işləyəndə bir-iki dəfə yanında olmuş, həmişə onu səmimiyyətlə qəbul edib, xoş münasibət göstərmişdi. Hətta bir dəfə 20 Yanvar münasibətilə keçirilən tədbirdə ona söz vermiş, çıxış edəsi olmuşdu. Tədbirin iştirakçılarının çoxu elə məhkəmə işçiləri, hakimlər idi. İlqar müəllim az-çox bu sahədəki səriştəsinə bələd idi. Birlikdə Siyəzəndə rayon tədbirlərində çox iştirak etmişdilər.

Bu dəfə isə onunla görüşə bilmədi. Səfərdə idi. Xankəndində, yoxsa Bakıda olduğu ona məlum olmadı. Son vaxtlar əsasən bu yerlərə çox gedərdi. Odur ki geri qayıtmaq istəyəndə dedi:

- Bu yol, deyəsən, Goranboya aparır.

- Hə, oradan da Gəncəyə...

- Çox yaxşı. Elə buracan gəlmişik... Gedək də...

Maşın yoluna davam etdikcə Siyəzəndə işlədiyi günləri, ayları, illəri xatırlayası oldu. Bir gün Mərkəzi Kitabxananın direktoru Şəfiqə xanım ona dedi:

- Müəllim, Bakıda kursda idik. Goranboyun bir kitabxanaçısı vardı. Sizin "Prokuror qızı" kitabınızı hey tərifləyirdi ha. Bəlkə də, bütün kursantlar eşitdi onun sözlərini. İnanın, sizi görmək üçün Siyəzənə gəlmək istəyirdi. Sonradan nədənsə fikrindən döndü. Şəfiqə xanımın bu sözləri nədənsə onu çox təsirləndirdi. Əlbəttə, kitabı haqqında xoş sözlər eşitmək müəllif üçün xoşdur, baş ucalığıdır. İndi isə Goranboy kitabxanaçısının bu sözləri, hərəkəti... Bəli, o, sadə bir oxucu deyildi, kitabxana işçisi, kitabxanaçı idi. Beləsinin fikri onun üçün də maraqlı olardı, düşündürücü idi...

Ümumiyyətlə, o vaxtlar "Prokuror qızı" povestlər kitabı çox oxunurdu. Yadında idi, Bakıda mağazaçı xanım dedi ki, Respublika Prokurorluğunun Mətbuat xidmətinin rəisi birini apardı. Sonra da başqa yerlərdə. Elə internetdə"Sevdiyin sevgi romanı?" mövzusundakı müzakirə vaxtı biri yazmışdı: "Əlisəfa Azayevin "Prokuror qızı" povesti".

Goranboy Kitabxanasında onun bir neçə kitabı barədə məlumat yayımlanırdı. "Əsgər anası" kitabı da onların arasında idi. Bu rayon mərkəzində heç vaxt olmamışdı. Neçə dəfə ora getməyi, səfər etməyi planlaşdırsa da, heç vaxt alınmamışdı. Goranboy rayonunu əsasən oradan olan qohumları Musa Məhərrəmovla tanıyırdı. O vaxtlar rayonun adı Qasım İsmayılov idi. Musa müəllim qayınanam Əhlinin bacısı Bikənin həyat yoldaşı idi. Uzun müddət orqanda işləmişdi. Əvvəl NKV-dının rəisi. Sonra da müxtəlif yerlərdə milis şöbəsinin rəisi. Sonuncu iş yeri Zaqatala rayonu olmuşdu. Onlara getmək üçün bu gözəl təbiətli rayona bir neçə dəfə səfər etmişdi. Əsasən xeyir işlərə. Musa müəllim bir alicənab, xeyirxah insan kimi demək olar ki, onu bütün Zaqatala ilə tanış etmişdi:

- Bax bura...

- Çox yaxşı...

- "Yenilməz batalyon" kinosu burada çəkilib.

- Hə, Qılman İlkinin "Qalada üsyan" romanı əsasında.

- Bəli...

- Bax generalı əsgər burada vurub.

- Belə de...

- O vaxt Cövhər Dudayev bura gəlmişdi.

- Hə, yadımdadı...

- Camaatla görüşü oldu... Xatirəsinə elə burada abidə qoyulub... Budur bax...

- Cəbhə vaxtı...

Goranboyda ilk növbədə dövlət notariat kontoruna gedir. Notarius Xəqani müəllim yerindəyox idi. Rayon tədbirində olduğunu dedilər. Saat ikidən sonra gəkəcəyi bildirildi. Odur ki üz tutdu Mərkəzi Kitabxana tərəfə. Saat birə az qalırdı. Onu ilk qarşılayan Kitabxananın direktoru Nəsibova Gülnarə Qəhrəman qızı oldu. Otağından çıxırdı. Kimliyini biləndə gülümsər halda "xoş gəlmisiniz" deyə onu içəri dəvət etdi. Qısa söhbətləri oldu. Onu kollektivlə tanış edəndə səslər eşitdi:

- Çox gözəl!..

- Xoş gəlmisiniz, Əlisəfa müəllim...

- Sizin bizim kitabxanada xeyli kitabınız var.

- Oxuyurlar ha...

- Çoxu indi də oxuculardadı.

Qərara alındı ki, üçün yarısında görüşə toplaşsınlar. Dilləndi:

- İmkan daxilində oxucular da olsun.

- Bəli...

- Mümkünsə, çox olsunlar...

- Çalışarıq...

- Gözəl olar...

- Əlbəttə ki...

Dövlət notariat kontorunun yanında iaşə obyekti vardı. Bilmək olmurdu ki, çayxanadı, yeməkxana. Soruşanda ki, yeməyə nəyiniz var, işçisi dedi:

- Bozbaş...

- Onda iki adamlıq təşkil edin.

- Bu dəqiqə.

Əyləşib gözləsələr də, yemək gəlmək bilmirdi. Durub ora baş çəkəndə qazanın qaynadığını gördü. Bufetçi harasa getmişdi. Xeyli sonra gəldi. Soruşdu:

- Harada idiniz? Biz tələsik axı.

- Bu dəqiqə...

Əlindəki alıb gətirdiyi çörəkdən bilindi ki, indi hazırlıq görür. Beləcə, bəlkə də, yarım saat keçdi. Yeməyi boşqablarda verəndə sürücü Ata dedi:

- Müəllim, məni bağışla, mən bu yeməyi yeyə bilməyəcəyəm. Bu heç yaxşı bişməyib ki.

- Elə, deyəsən, mən də...

Çörək isə təzə, yumşaq, ətirli idi. Ayağa qalxası oldular. Fikrimizi deyəndə aşpaz oğlan dilləndi:

- Nolar ki... Eybi yoxdur.

- Onda alın bunu... - dəyə ona nə isə verməyi özünə borc bildi. Bir o qədər iri rəqəmli deyildi. Oğlan götürmək istəməsə də, təkid etdi, pulu verdi.

Elə həmin binanın başqa yerində olan dönərxanada ləzzətli dönər yeyəsi oldular.

Dövlət notariat kontoruna gələn notariusu yerində gördülər. Artıq saat üçə işləyirdi. Notariusla səmimi görüşləri oldu. "Notariat sirri", "Notariusun qeydləri" kitablarını ona verdi. Xeyli söhbətləşdilər. Görüb-götürmüş oğlana oxşayırdı.

Saat üçün yarısında Mərkəzi Kitabxanada görüş başladı. İçəridə xeyli adam vardı. Sözsüz ki, daha çoxu elə Kitabxananın öz işçiləri idi. Direktor onun, yaradıcılığı barədəətraflı məlumat verəndən sonra sözü ona verdi. O da nə qədər qısa danışmağa çalışsa da, söhbəti xeyli çəkdi. Sonra da çıxışlar başladı. Əvvəl Xidmət şöbəsinin müdiri Abdullayeva Səidə Tapdıq qızı danışdı. Sonra fəal oxucu Rəsulova Ceyran Eyvaz qızı... Daha sonra Şəhər kitabxanasının Multimedia resursları üzrə mütəxəssisi İsmayılova Kəmalə Ramiz qızı...

Daha sonra isə sual-cavab başladı. Əlbəttə, suallar ona ünvanlanmışdı. O da hər bir suala kifayət qədər əhatəli cavab verməyə çalışırdı.

Arada Siyəzəndə Kitabxana direktoru xanımın sözlərini xatırlatsa da, bu hekayəti yada salan olmadı. İllər öz işini görmüşdü. O vaxtdan on ildən çox vaxt keçmişdi. Bəlkə də, həmin kitabxanaçı artıq burada işləmir, təqaüddə olardı.

Goranboyda olduğu müddətdə hazırda Siyəzən rayon İcra Hakimiyyətinin başçısı olan Novruz Novruzovu xatırlamamaq, yada salmamaq mümkün deyil. Yaxşı yadındadı, bir dəfə Ulu Öndər Heydər Əliyev dedi ki, gözəllik yaratmaq istəyirsinizsə, gedib Goranboy rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovdan nümunə götürün. Əbədi aləmdə Novruz Nəcəfoğlu kimi tanınan Novruz müəllim həm də gözəl, püxtə qədəm sahibi, tanınmış yazıçı-publisistdir. Onu goranboylular bu gün də minnətdarlıqla xatırlayırlar. Gördüyü, görüşdüyü adamlardan soruşurdu:

- Əvvəlki İcra başçısını xatırlayırsızmı?

- Hansını?

- Novruz Novruzovu...

- Ə, nəcə unuda bilərik onu biz?! O bizim özümüzünküdü.

Kişinin bu cavabı onu təsirləndirən kimi oldu. Dedi:

- Axı o əslən leriklidi.

- Olsun da...

- Həm də goranboyludu da. Burada onun qədər iş görən olmayıb.

- Hə... Belə deyin...

- O at heykəlini görmüsən də...

- Koroğlunun abidəsi.

- Bəli, onu o qoydurub.

- Sonra...

- Elə başqalarını da... Hansı birini deyim... Şəhərin abadlığı da onun adı ilə bağlıdı. Çox işgüzar adamdı. İndi harada işləyir?

- Əvvəl Şabranda idi... İndi Siyəzəndə icra başçısıdı.

- Çox çalışqan, zəhmətkeş, işgüzar adamdı. İcra başçısı belə olar da. İndikiləri yuxu basır.

Kişinin bu sözlərinə gülümsəyərək ondan ayrılır. Həqiqətən də, Novruz müəllim işgüzar adamdı. Siyəzəndə dövlət notariusu işləyəndə hərdən Şabranın da notariusunu əvəz edərdi. Haqqında daha çox xoş sözlər deyilsə də, gileylənənlər də olurdu. Bunların elə daha çoxu obyekti plana düşənlər, küçələrdən yığışdırılanlar olardı.

Bir gün də... Daha doğrusu, təqaüddə olanda Şabranda idi. Onun yenicə tikdirdiyi "Ağsaqqallar evi"nin binasından o qədər təsirləndi ki... Bu adla bir yazı yazıb "Ədalət" qəzetində çap etdirdi, internetdə yayımlatdı. Əlbəttə, görülmüş gözəl işlər kimin icra etdirməyindən asılı olmayaraq öyülməli, təqdir olunmalıdı.

Bir dəfə Siyəzəndə olanda onun qəbulunda idim. Görüşümün keçirilməsi haqqında göstəriş verdi. O vaxt pandemiyadan sonrakı il idi. Bu səbəbdən görüş Mədəniyyət mərkəzində yox, Akt zalında keçirildi. Burada xeyli adam vardı. Məclisi tanınmış şair Nəcməddin Mürvətov aparırdı. Onun "Siyəzən şəhidləri" mənsur şeirini bir qız çox ürəkdən oxudu, hamını təsirləndirdi. Nəcməddin müəllim dedi:

- Bir adam ki "Siyəzən şəhidləri" mənsur şeirini yazıb, deməli o bizimlədi, bizim vətəndaşımız, rayonlumuzdu.

Bu rayonda düz 21 il dövlət notariusu, 1 ilə yaxın Məhkəməyə sədrlik etmişəm. Yekunda da Ədliyyənin ən yüksək mükafatına Ədliyyə Döş nişanına layiq görülmüşəm. İki yüz dövlət notariusu arasında təmiz işimə görə o mükafatı alan yeganə adamam. İşlədiyim müddətdə bir dənə olsun beləəsaslı ərizə şikayət yaratmamış, bir işim belə ləğv olunmamışdı.

Bəli, işçinin yaxşı işləməsi, əsasən vicdan məsələsidi. Kimisi vəzifə başında olanda cibini, gəlir-çıxarını düşünür. Kimisi də vicdanının səsinə qulaq asır. Xidməti vəzifədə gərək birinci növbədə Dövlət, onun qanunlarını düşünəsən, onların icrasına ciddi əməl edəsən. İkinci, camaatı, kütləni, vatandaşları... Üçüncü, özünü, ailəni, yaxınlarını... Bu məsələdə yanlışlıq edənlər həmişə uduzublar. Gec-tezi var, belələri həmişə tələyə düşür, sıradan çıxırlar.

Goranboyda kitabxanaçılar qarşısındakı çıxışım zamanı da onlara dedim:

- Həyatımda az-çox uğurlarım olub. Çoxları üçün Ulu Öndərimiz Heydər Əliyevə, onun aparmış olduğu siyasətə borcluyam. Bilavasitə onun hakimiyyəti illəri –70-ci illərdə MK-nın qəbul etdiyi qərarla zəhmətkeş balalarının universitetə qəbulu asanlaşdı, sadələşdi. Onda o da hüquq fakültəsinə qəbul olundu. Sonra da oranın aspiranturasında oxudu. Elmi rəhbəri professor Murtuz Ələsgərov idi. Sonra da yaradıcı adam kimi ilk kitabının çapı... "Yeddi il sonra" hekayələr kitabı 10.000 tirajla çap olundu. Daha sonra "Çin qızılgülü" kitabı da həmin sayda nəşr olundu. "Gecəyarı sui-qəsd" povestlər kitabı isə 30.000 tirajla. Əvvəlki kitabların hər birinin qonorarına televizor, soyuducu aldılar. Sonrakı isə daha iri məbləğ idi. "QAZ-24" maşını almaq olardı.

Heydər Əliyev cənablarının hakimiyyətə ikinci gəlişi də mənim üçün uğurlu oldu. Öz ixtisas sahəm üzrə –Ədliyyə sahəsində işə düzəldim. Odur ki 2000-ci ildə onun haqqında "Qarlı zirvə" romanını yazdım. Düz 24 il bu romanın dövlət səviyyəsində çapına çalışdı. Nəhayət, Ulu Öndərin 100 illiyində romanı çap etdirdi və yüksək də qiymətləndirildi. AMEA-nın rezidenti, akademik İsa Həbibbəyli Akademiyada "Ədəbi proses 2023"ə yekun vurularkən yüksək kürsüdən dedi: "İl ərzində görkəmli dövlət xadimi Heydər Əliyev haqqında dərc olunmuş ədəbi axtarışların nəticəsi olan qiymətli bədii əsərlər də meydana çıxmışdır. Əlisəfa Azayevin "Qarlı zirvə" romanında Ulu Öndər Heydər Əliyevin mübarizələrlə dolu keşməkeşli ömür yolu aydın və obyektiv yazıçı baxışı vasitəsilə işıqlandırılmışdır. Müəllif imkan daxilində mövzunun aktuallığı ilə bədiilik amilini paralel olaraq qoruyub saxlamışdır".